Üzgüçülükdə batdığımız yer

Bir neçə gün öncə Olimpiadada üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Boris Kirillov 200 metr məsafəyə arxası üstə üzmə yarışlarında iştirak edib.
 
Ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayan üzgüçümüz 2 dəqiqə 6,74 saniyə nəticə ilə 26 iştirakçı arasında sonuncu olub.

Komandamızın digər üzvü, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük mübarizəsinə qatılan Fatimə Alkərəmova da 48 iştirakçı arasında 41-ci yeri tutaraq komandamızın azarkeşlərini məyus edib. İdmançılarımızın uğursuz nəticələri bir sıra haqlı suallar doğurur: iştirakçılar arasında sonuncu yeri tutmaq üçün xaricdən legioner gətirmək lazım idimi? Ümumiyyətlə, bu nəticələri göstərmək üçün peşəkar üzgüçü olmaq lazımdırmı?

Bu qədər sərmayə yatırmağımıza baxmayaraq, hələ də bəzi idman sahələrində digər ölkələr arasında üzüqara nəticələrimiz nə ilə bağlıdır? Mövzu ilə bağlı araşdırmaya yerli idmançıların yetişdirilməsi üçün tikilən Olimpiya Komplekslərində üzgüçülük hovuzlarında qiymətlərlə başladıq. Bəlkə, elə qiymətlərin qeyri-münasib olması istedadlı uşaqların üzə çıxmasına mane olur? Məsələn, "Sərhədçi” İdman Olimpiya Mərkəzində uşaqlar üçün üzgüçülük hovuzunun aylıq qiyməti 50 manatdır. Bura həftədə 3 dəfə məşqçi ilə keçirilən dərslər daxildir. Amma məşqçi fərdi deyil, 10 nəfərlik qrupa istiqamət verir.

Bakı Olimpiya Kompleksinin Gənclik Sağlamlıq Mərkəzində üzgüçülüklə məşğul olmaq istəyən uşaqlar üçün 1 saatlıq üzgüçülük dərsi 15 manatadır. Həftədə azı 3 dərs keçirilsə, bu rəqəm 45 manat edir.

Su İdmanı Sarayında isə 6-15 yaşlı uşaqlar üçün 45 dəqiqəlik üzgüçülük dərslərinə aylıq 30-40 manat arası məbləğ tələb olunur. Bura 15 nəfərlik qrupla olan dərslər daxildir. Amma fərdi hazırlıq keçmək istəyən və bu sahəni yaxşı öyrənmək istəyən üçün məbləğ dəfələrlə baha - 285 manatdır. Özəl sağlamlıq mərkəzlərində də hovuzlardan istifadə qiymətləri təxminən sonuncuya yaxın həndəvərdədir.



"Hovuzlar havayı da olsa heç nə dəyişməyəcək”

"Azerisport" idman portalının rəhbəri Vüqar Zeynalov hesab edir ki, üzgüçülük hovuzlarında qiymətlərin nə qədər olmasından asılı olmayaraq, əsas problem Azərbaycanda bu idman növünə marağın olmaması ilə bağlıdır.

"1996-cı ildən bu günə qədər Azərbaycan üzgüçülərinin hər biri Olimpiya oyunlarına dəvətnamə ilə gedir. Azərbaycan üzgüçülük tarixində elə bir idmançı tapılmayıb ki, hansısa böyük nəticə göstərib yarışı qazansın. Həmin dəvətnaməni bizə inkişaf etmiş ölkə kimi verirlər. Bu idman növünə Azərbaycanda maraq yoxdur. Bu idmana uşaqlar gəlmir, gəlsələr də onlardan idmançı çıxmır. Üzgüçülük Azərbaycan idman növü deyil. Unudun ki, biz dənizin kənarında yaşayırıq. Bu idmanda azərbaycanlılar heç bir nəticəyə nail ola bilməyiblər. Ona görə bizə dəvətnamə verilir, bizim idmançıların da ən böyük uğuru olur ki, gedib bir dəfə hovuza girib qayıdırlar”.

Üzgüçülərimizin həvəskar kimi məşğul olduqlarını deyən V.Zeynalovun sözlərinə görə, Azərbaycanda hovuzlar havayı da olsa, eyni vəziyyət olacaq.

"İndiyə kimi heç bir nəticə göstərməmişik, bu gündən sonra ola bilər ki, dəyişsin, amma buna inanmağım gəlmir”, - deyə V.Zeynalov bildirib.
 
Peşəkar məşqçi çatışmır



Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdülrəhmanov isə peşəkar üzgüçülərin yetişməməsində əsas problemi qiymətlərin bahalığı ilə əlaqələndirmir. Onun sözlərinə görə, əsas problem peşəkar məşqçilərin olmamasındadır:

"Məndə 450 nəfər bütün üsullarla üzə bilən uşaq var. Buna bir neçə ay ərzində nail olmuşuq. Bizdə Olimpiya Oyunlarında iştirak edən ən cavan idmançı Fatimədir və onun ötən ay 14 yaşı tamam oldu. O, 59 saniyəyə 100 metr məsafəni üzdü. Bu böyük nəticədir. Belə bir nəticəni indiyə kimi heç bir azərbaycanlı göstərməyib. Boris Kirillov da azərbaycanlıdır, Yasamalda doğulub, legioner deyil. Bəziləri onu legioner kimi qələmə verir. Biz legionerə deyil, ona şans vermişdik, amma o, çox pis nəticə göstərdi və biz bu barədə ölçü götürəcəyik. Burada problem idman komplekslərinin qiymətlərində deyil. Əsas problem peşəkar məşqçilərin olmamasındadır”.

Baş məşqçi hesab edir ki, bu sahədə dövlət proqramının hazırlanmasına ehtiyac var:

"Çünki peşəkar idmançı hazırlamaq üçün ona bütün saatlarını ayırmalısan, bazar günlərini həsr eləməlisən. Yaxşı məşqçi bunu edəndən sonra haradan qazanacaq? Çünki məşqçilər bundan məvacib almırlar. Əsas problem idman məktəblərinin olmaması, bu sahədə dövlət proqramının hazırlanmamasıdır. Əgər bu olsa, gələcəkdə uğurlu nailiyyətlərimiz də olar”./virtualaz.org/

MediaFax