Yenə soyuqlar, yenə dəm qazı... - Araşdırma

Faciələr törədən problemin həlli yolu nədir?

Havalar soyuyan kimi, dəm qazı yenə can almağa başlayıb. Soyuq qış ayları gəlməsə də, qazdan boğulma halları artıb. İki gün öncə Gəncə sakini, 1990-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib. Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hacıqabulda isə bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Hədiyyə Alışova evində dəm qazından zəhərlənib və xəstəxanaya yerləşdirilib. 

Abşeron rayonunda fərdi yaşayış evində isə qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib...

Yuxarıda sadaladıqlarımız son 3 gündə baş verən hadisələrdir. Dəm qazı, yəni karbon monoksid təbii qazın və ya neft məhsullarının yanması zamanı xaric olunan qazın natamam oksidləşməsidir. Bir sıra ekspertlər deyir ki, insanların qatilinə çevrilən qazın tərkibi standartlara uyğun deyil. 

İddialara görə, təbii qazı istehlakçıya ötürməmişdən əvvəl onun tərkibinə müxtəlif növdə qatqılar vurulur. Məhz bu qatqılar da insanların boğulmasına və partlayışlara səbəb olur. Bu iddialar uzun illərdir müzakirə edilsə də, ciddi araşdırılmır və faciələrə səbəb olan problem aradan qaldırılmır. Bir sıra mütəxəssislər isə dəm qazından zəhərlənmə hallarının  artmasında əsas günahkarın elə vətəndaşların özləri olduğunu bildirirlər. Çünki qaz sobalarının işlədiyi otaq, isti olsun deyə tam qapalı vəziyyətdə saxlanılır. Nəticədə sobadan çıxan zərərli maddələr dar və qapalı otaqda toplanır və zəhərlənmə baş verir. Mütəxəssislər bildirirlər ki, tənəffüs zamanı qaz udulduqda qan bədən üzvlərinə və hüceyrələrə oksigen daşımaq qabiliyyətini itirməyə başlayır. 

Evlərdə karbon monoksidin yaranma səbəbləri mərkəzi istilik sistemləri, qaz cihazları və sobalardakı nasazlıqlarla bağlıdır. Havatəmizləyici bacalar və borularda qazın çıxmasına əngəl törəndikdə boğulmaya gətirib çıxarır. Dəm qazı ilə yüngül zəhərlənmənin simptomları spesifik olmaya bilər. Onlar viruslu soyuqdəymə, zökəm və ya qida zəhərlənməsindəki simptomlarla oxşardır. Yəni zəhərlənmənin əlamətləri baş ağrısı, ürək bulanma, qarın ağrısı, baş gicəllənməsi, boğaz ağrısı və quru öskürəklə müşahidə olunur. Lakin zökəm virusundan fərqli olaraq, karbon monoksid qızdırma əmələ gətirmir. Bu simptomlar uşaqlarda qarın narahatlığı, ürək bulanması və qusma ilə müşahidə olunur. Çox ağır zəhərlənmədə ürəyin sürətlə döyüntüsü, hiperventilyasiya, şüurun qarışması, mürgü və ağır nəfəs alma halları ortaya çıxır. Özündən getmə və huşunu itirmə də istisna olunmur. Mütəxəssislərin bildirdiyinə görə, dəm qazının təsirindən bəzi simptomlar bir neçə gün, hətta aylar sonra üzə çıxa bilər. Bu simptomlara şüurun qarışması, yaddaşın pozulması, müvazinətin itməsi kimi problemlər daxildir...

Maraqlıdır, bəs bu problemi necə həll etmək mümkündür?

Deputat Fazil Mustafa vətəndaşlar arasında qazla davranma qaydaları barədə maarifçilik işinin aparılmasının vacib olduğunu dedi: "Vətəndaşlar arasında maarifçilik işinin aparılması vacibdir. Çünki bu istiqamətdə müəyyən problemlər hələ də qalmaqdadır. Təbii ki, qazın tərkibi ilə bağlı məsələlər də var. Amma daha çox istifadə olunan qazların problemi üzə çıxır. Təbliğat istiqamətində istər Fövqəladə Hallar Nazirliyi, istərsə də emalla məşğul olan qurumların xəbərdarlıq addımları, reklamları da olur. Ona görə də bunu daha da gücləndirmək lazımdır. İnsanlara ən azı xəbərdarlıq etmək lazımdır ki, bu istiqamətdə daha tədbirli və hazırlıqlı olsunlar.  Əsas odur ki, insanlar qazla ehtiyatlı davransınlar. Qazın tərkibini kim yoxlayacaq”.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev qazın tərkibinin yoxlanılmasının onların vəzifəsi olmadığını dedi: "Biz əvvəllər neçə mənzilə texniki baxışlar keçirilməsi, istismara yararsız qaz sobaları ilə bağlı statistik məlumatları ictimaiyyətə təqdim edirdik. Artıq 2016-cı ilin may ayından etibarən bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə digər qurumlara həvalə olunub. ”Azəriqaz" İstehsalat Birliyi artıq mənzilə qədər qaz xətlərinə texniki baxışlar keçirir.  "Azəriqaz” qazın tərkibini də yoxlamır. Biz yalnız qazın satışı, Azərbaycandaxili nəqli ilə məşğuluq"./musavat.com/

MediaFax