Xəzərdə baş verən qəza - Məsuliyyətsizlik, yoxsa təxribat?

İlham Şaban: "Neft sənayesində küləyə görə iş dayandırılacaqsa, hasilat mümkün olmaz”; Qüdrət Həsənquliyev: "Ola bilər ki, ayrı-ayrı dövlətlər tərəfindən estakadalar zədələnsin və onların aşması üçün şərait yaradılsın” 

Xəbər verdiyimiz kimi, dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış köşkünü də uçurub. Hadisə nəticəsində itkin düşən 10 nəfərdən 8-nin axtarışları davam etdirilir. Zaman keçdikcə, itkin düşən neftçilərin ailələrinin onların sağ qalacağına ümidi də azalır. 

Axtarışlar nəticəsində faciə baş verən estakadanın yeni görüntüləri ortaya çıxıb. Dalğıclar estakadanın suya düşdüyü hissədə axtarışlar aparıb və köşkü tapıb. Ancaq köşkün içərisində bir nəfər də olsun neftçinin meyiti tapılmayıb. Güclü küləyin neftçilərin meyitlərinin dənizin içərilərinə apardığı ehtimal edilir. 

Xəzərdə itkin düşən neftçilərin axtarış və xilasetmə işlərinə BP şirkətinin 3 gəmisi də cəlb edilib.

Ötən gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev hadisə yerinə baş çəkiblər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə müzakirələr keçiriblər.

"Estakadaların təhlükəsizliyi hər il yoxlanmalıdır”

Hadisənin səbəblərinə gəlincə, bunun təxribat olması ehtimalı səslənsə də ekspertlər daha çox köhnə estakadanın dayanıqlığını itirdiyi faktının üzərində dayanır.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bildirib ki, adi avtomobil ildə bir dəfə texniki baxışdan keçirsə, 70-ci illərdə tikilən estakada da hər il yoxlanmalı idi: "Fakt budur ki, birdən-birə 150 metrlik estakada hər hansı qasırğa nəticəsində, güclü dalğaya tab gətirməyərək qırılırsa, dənizə düşürsə, digər tərəfdən analoji hadisə 2015-cü ildə də olubsa, deməli, təhlükəsizlik məsələsi ilə bağlı  problem var. O zaman da 60 metrlik bir estakada uçub dənizə düşmüşdü. Hər dəfə bu hadisə hasilatın baş verdiyi ərazidə olur. Deməli, həmin qurğular, meydançalar, estakada yenilənməlidir. Və ya bunlara mütəmadi baxışlar keçirilməlidir, təhlükəsizliyi, dayanıqlığı yoxlanılmalıdır Ömrünü başa vuran qurğular yenilənməlidir. Əgər təhlükə varsa, orada işlər dayandırılmalıdır. Ancaq ümumilikdə neft sənayesi iqtisadiyyatın elə bir sahəsidir ki, burada 24 saat iş davam etməlidir. Orada hər dəqiqə işin dayandırılması mümkün deyil. Əgər orada küləyin sürətinə görə hər hansı məhdudiyyət qoyulacaqsa, 40 metr/saniyə küləkdə iş dayandırılacaqsa, hasilat mümkün olmaz. Amerikada saniyədə 100-120 metr sürətlə qasırğa olur, buradakı külək onun yanında nədir ki? İkinci bir tərəfdən, həmin estakada qurğuları texniki baxışdan keçirilməlidir, onun küləyə, dalğalara davamlılığı yoxlanmalıdır. Adi avtomobil ildə bir dəfə texniki baxışdan keçir. Belə bir yoxlama dənizdəki estakadada olmamalıdırmı? Bu hadisədə təxribat ehtimalını mən istisna edirəm, çünki belə olsaydı, partlama əlamətləri olardı. Lakin belə bir fakt yoxdur”. 

"Təxribat ola bilər”

Deputat Qüdrət Həsənquliyev isə Milli Məclisin ötən gün keçirilən iclasında bu hadisənin təxribat ola biləcəyi iddiasını irəli sürüb: "Ötən gün Xəzər dənizində bizim neftçilər itkin düşdü. Bu, bir il ərzində ikinci hadisədir. Biz qonşu dövlətlərlə əhatə olunmuşuq. Onların bəziləri Azərbaycanın müstəqil siyasəti ilə razı deyillər. Bu baxımdan müəyyən təxribatlar da ola bilər. Ola bilər ki, ayrı-ayrı dövlətlər tərəfindən estakadalar zədələnsin və onların aşması üçün şərait yaradılsın”.

Deputat onu da bildirib ki, bu hadisədə xarici təxribat varsa, bu da aşkar olunmalıdır. Faciəyə görə məsuliyyət daşıyan insanlar tapılıb müəyyənləşdirilməlidir: "Buna görə də, parlament tərəfindən Baş Prokurorluğa xüsusi müraciət etməliyik ki, belə halların baş verməməsi üçün tədbirlər görülsün. Mən ölənlərin ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Hesab edirəm ki, parlament də bu məsələdə öz sözünü deməlidir”.

Sığorta pulu ödəniləcək...

Qeyd edək ki, itkin düşmüş neftçilərin "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı "PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib.

Bu barədə mətbuata məlumat verən "PAŞA Həyat”ın mətbuat katibi Elnur Hüseynquliyev bildirib ki, müvafiq qurumlar tərəfindən lazımı sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək: "Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək”./musavat.com/

MediaFax