Xəstəxanada 6 aylıq körpə Müəmması...

Ötən gündən etibarən sosial şəbəkədə 6 aylıq qız uşağının anası tərəfindən xəstəxanaya atılması geniş müzakirələrə səbəb olub.

Azyaşlının şəklini paylaşanlar onun hazırda Qarayev adına 2 nömrəli xəstəxanada olduğunu bildirirlər. Qeyd olunur ki, körpə xəstəxanada doğulsa da, heç kim gəlib onu götürməyib.
 
Saytımız məsələni dəqiqləşdirmək üçün A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlayıb.

Qəbul şöbəsi hazırda xəstəxanada belə bir uşağın olduğunu təsdiqləyib. Bildirilib ki, körpəyə dövlət tərəfindən hər cür qayğı göstərilir, vaxtında dava-dərmanı verilir.

Sözügedən xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov isə məsələni təkzib edib. O, hazırda klinikada valideynləri tərəfindən atılan heç bir uşağın olmadığını vurğulayıb.

Maraqlıdır ki, uşaq 6 aylıqdır və necə ola bilər ki, doğum evi kimi fəaliyyət göstərməyən xəstəxanada doğulub. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da məsələ ilə bağlı saytımıza açıqlama  verib. O qeyd edib ki, belə bir uşaq xəstəxanada yoxdur: "Xəstəxanada 6 aylıq valideynsiz uşaq olmur. Bu yaşda körpələr uşaq evlərinə verilir. Ona görə də 6 aylıq uşağın klinikada qalması mümkün deyil”./qafqazinfo.az/

MediaFax