Xəbəri olmadan adına kredit götürülüb - Bank fırıldağı

Bakıda vətəndaşın xəbəri olmadan onun adına saxta imza ilə kompyuter alınıb.

Bu barədə saytımıza vəkil Vamiq Şükürov məlumat verib.

Vəkilin sözlərinə görə, iştirakı olmadan sənədləri və imzası saxtalaşdırılmış, adına kreditə kompyuter götürülmüş vətəndaş Elçin Hacıyev hüquqi yardım almaq üçün ona müraciət edib: "Kompyuteri kreditə vermiş "BestComp Group" şirkəti Elçin Hacıyevi məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsi isə həmin şəxsin borcunu onun maaşından tutulması qərarı çıxarıb".

V.Şükürov həmin qərardan apellyasiya şikayət verdiyini deyib: "Uzun sürən məhkəmə prosesindən sonra yeni qərar çıxarıldı. Məhkəmədə məlum oldu ki, mənə müraciət edən şəxs Elçin Hacıyev kompyuteri həmin şirkətdən almayıb, onun yerinə imzası saxtalaşdırılıb. Məhkəmə bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması barədə xüsusi qərar qəbul etdi".

Vəkil əlavə edib ki, bu məsələdə "BestComp Group" şirkətinin günahı olmayıb: "Sənədi saxtalaşdıranlar başqa şəxslər olublar"./report.az/

MediaFax