Xarici şirkətlər yerli işçilərin hüquqlarını belə pozur - Hesabat

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı ölkədəki xarici şirkətlərlə yerli işçilərin ixtisarı ilə bağlı monitorinq aparıb.
 
Bəlli olub ki, xarici şirkətlər ixtisarlar  apararkən Əmək Məcəlləsinin tələblərini yerinə yetirmir.
 
Bu barədətəşkilatın rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, Eksploreyşn (Kaspian Si) Limited  Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ixtisarlar apararkən işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay xəbərdarlıq müddətində əmək fəaliyyətini davam etdirmək imkanı verməyib.  "BP-Azərbaycan şirkəti tərəfindən ixtisar olunmuş işçilər isə məhkəməyə müraciət edib. Hazırda onlardan biri  onlardan biri işə bərpa olunub. Hələ də  BP-Azərbaycan, "Qarasu” Əməliyyat Şirkəti, "Altus İntervention AS”, "Qinterra Tekhnologies AS”, "Schlumberger Overseas SA”, "Schlumberger logelco İnc”, SWİFT və digər şirkətlərlə məhkəmə prosesi davam edir.

Təşkilat rəhbəri bildirib ki,  "İntertek Azeri Ltd” MMC-də də eyni problemlər qeydə alınıb. İşdən qeyri-qanuni çıxarılan 3 işçi məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarı ilə işə bərpa edilən şirkət əməkdaşı yenidən qanunsuz yollarla işdən azad edilib.

Bundan əlavə, "Qarasu”, "Altus İntervention AS”, "Qinterra Technologies AS”, "Schlumberger Overseas SA”, "Schlumberger logelco İnc” Salyan Oyl şirkətləri Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işçilərlə müvəqqəti əmək müqaviləsi bağladığı da bəlli olub. "Bu da arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır.  Ən böyük hüquq pozuntusu olan bu proses, yəni işçilərlə 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə əmək müqaviləsinin bağlanması hələ də davam edir”,-hüquq müdafiəçisi əlavə edib. 

Araşdırmadan məlum olub ki, Əmək Məcəlləsinin 68, 69, 70, 71, 77,  78,  79 və 80-cı maddələri üzrə (əmək müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması)  pozuntu halları isə "Qarasu”, BP Eksploreyşn (Kaspian Si) Limited  Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ,   "Altus İntervention AS” şirkəti,   ”Qinterra Technologies AS” şirkəti, "Schlumberger Overseas SA”, "Schlumberger logelco İnc” şirkətlərində müşahidə olunub.

"SWİFT Enerji” şirkətinin 10 nəfərə yaxın işçisinin işdənçıxma  ilə əlaqədar kompensasiyaların və əlavə əmək haqlarının  ödənilməsində  qanun pozuntusu müşahidə olunub. Şirkətin 10 işçisinin iddia tələbləri üzrə  Səbail Rayon Məhkəməsinin qətnaməsi qəbul edilib və cavabdeh şirkətdən işçilərin xeyrinə 110 000 manat əmək haqqının tutulması barədə məhkəmə qətnaməsi qəbul edilib.  Bu qərar Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılıb. 

"Maersk Driling Servises” MMC-də isə 4 ildir ki, 2-ci qrup əlil  Sərvər Kərimovun hüquqları pozulur. Şirkətlə Sərvər Kərimov arasında "Aylıq kompensasiyanın verilməsi, əlillik dərəcəsinin ləğv edilməsi, zərərə görə aylıq ödəncin miqdarının hesablanması, aylıq ödəncə artımın tədbiq edilməsi, gecikdirilmə ilə əlaqədar ödəncin və maddi ziyanın tutulması və sair iddia tələbləri barədə” 5 ayrı-ayrı məhkəmə prosesləri keçirilib. Bu məhkəmə proseslərində Nəsimi  rayon, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənuin qanuni qüvvəyə minmiş məhkəmə qərarları qəbul edilib. "Maersk Driling Servises” MMC 8 aya yaxındır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etmir və işçini incidir.

Hüquq müdafiəçisi qanun pozuntuları ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edib./virtualaz.org/

MediaFax