Səbəb təkcə neftlə bağlı deyil, qeyri-neft sektoruna aid şirkətlər də nümayəndəliklərini bağlayır...
Xarici şirkətlərin Azərbaycandan getməsi tendensiyası güclənib. Son olaraq ölkədə 3 xarici şirkətin nümayəndəliyi ləğv olunub. Bu barədə "Report” Vergilər Nazirliyinə istinadən xəbər verib. Nümayəndəliyini bağlayan şirkətlərdən biri "China Geo-Engineering Corporation İnternational” MMC-dir. Ölkəni tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus "Cadbury CIS B.V.”-dir. Bundan başqa, Türkiyəyə məxsus "Elit” MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib.
Ekspertlər bildirirlər ki, şirkətlər Azərbaycanı tərk etməklə əlavə xərclərini azaltmağa çalışırlar. Ekspert Elşad Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirib ki, xarici şirkətlərin ölkəni tərk etməsi ilk növbədə mövcud iqtisadi problemlərin ölkədə işgüzar fəallığa təsiri ilə izah olunur. Belə ki, iqtisadi nəzəriyyəyə görə, hər hansı iqtisadi sistemin aparıcı qüvvəsi olan elementdəki artım və geriləmə, tək həmin elementin göstəricilərinə deyil, bütövlükdə sistemə öz təsirini edir. Və bu multiplikativ təsir əslində həmin elementin sistemdəki rolu ilə düz mütənasibdir. Bu, o deməkdir ki, neft sektorunun ölkə iqtisadiyyatında fövqəladə xüsusi çəkiyə malik olması, son nəticədə həmin sektorda mövcud olan böhranın da bütövlükdə iqtisadi sistemə yayılacağını proqnozlaşdırmaq lazım idi. Ölkədə qeyri-neft sektorundakı son aylarda müşahidə olunan problemlərin bir hissəsinin səbəbləri məhz bundadır. Təsadüfi deyil ki, ölkəni son vaxtlar tərk edən xarici şirkətlərin xeyli hissəsi qeyri-neft sektoruna aiddir".
Onun sözlərinə görə, bununla yanaşı, iqtisadi blokun son aylarda maliyyə sabitliyinin möhkəmlənməsi məqsədi ilə həyata keçirdiyi sərt monetar siyasətin yalnız qısamüddətli iqtisadi effekti ola bilər: "Daha uzunmüddətli perspektivdə sərt monetar siyasət dünyanın heç bir ölkəsində iqtisadi artıma və işgüzar fəallığın yüksəlməsinə səbəb olmayıb. Sərt monetar siyasətin ancaq dayanıqlı, diversifikasiya səviyyəsinin yüksək olduğu, formalaşmış real və maliyyə sektorlarına malik olan iqtisadi sistemlərdə nisbətən uzunmüddətli effekt verməsi mümkün olur. Bu baxımdan, fikrimcə, sərt monetar siyasət ölkədə digər makroiqtisadi fəsadlarla yanaşı, həm də ölkədə işgüzar fəallığın, xarici investisiyaların və beləliklə də ölkəyə daxil olan kapital axınının azalması ilə nəticələnə bilər. Fikrimcə, bütün bu məsələlər kompleksli və sistemli şəkildə hökumətin iqtisadi bloku tərəfindən dəyərləndirilməli və makroiqtisadi səviyyədə idarəetmə qərarlarının qəbul edilməsində nəzərə alınmalıdır. Əks halda, aşağıdakı arzuolunmaz vəziyyətin formalaşması təhlükəsi reallaşa bilər ki, iqtisadi blokun tətbiq etdiyi sərt monetar siyasət işgüzar fəallığın zəifləməsi, ölkəyə kapital axınının azalması ilə nəticələnsin”.
Ekspert Fikrət Yusifov isə deyib ki, hansısa bir şirkətin ölkəni tərk etməsi onun öz istəyi ilə mümkündür: "Bu gün Azərbaycan hökuməti biznes mühitinin maksimum münbitləşdirilməsi məqsədi ilə çox mühüm addımlar atır. Yaranmış şəraitdə həm yerli və həm də xarici iş adamlarının normal fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Hansısa kompaniyaların Azərbaycandan getməsinə normal baxmaq lazımdır. Kimsə fəaliyyətini bir başqa yerdə və başqa bir şəraitdə davam etdirmək istəyirsə, bu onun öz seçimidir. Müəyyən kompaniyalar ölkədən getdiyi kimi bir çox kompaniyalar da iş qurmaq üçün Azərbaycana gəlir”.
Qeyd edək ki, ölkədən xeyli sayda böyük şirkətlər, o cümlədən "Shell”, "Samsung”, "Nestle” də gedib. Ekspertlərin sözlərinə görə, əsas səbəb ölkədəki ümumi investisiya mühiti ilə bağlıdır. Yəni bu, Azərbaycanda iş şəraitinin, biznes şəraitinin digər ölkələrə nisbətən daha səmərəsiz olmasından irəli gəlir./musavat.com/
MediaFax