Xarici şirkət azərbaycanlı işçiləri aşağılayır - Şikayət

ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən neft şirkəti "Hallibörtn”dən sayımıza şikayət daxil olub.
 
Şikayətə görə, ölkədə fəaliyyət göstərən xarici şirkət yerli vətəndaşlarla xarici vətəndaşlar arasında ayrı-seçkilik qoyur. Belə ki, həmin şirkətdə çalışan azərbaycanlılar qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək haqqı ala bilmir. Məsələn, əgər "Hallibörtn”də çalışan xarici vətəndaş tutduğu vəzifəyə görə 1500 dollar əmək haqqı alırsa, eyni vəzifəni daşıyan azərbaycanlıya 750 dollar maaş verilir. Onların məsələ ilə bağlı müraciətləri isə cavabsız qalır. Əksəriyyət isə işsiz qalacağından ehtiyat edərək səsini çıxarmır.

Məsələ ilə "Hallibörtn” şirkətinin adının çəkilməsini istəməyən rəsmisi açıqlamasında problemin olduğunu etiraf edib:

"Heç kimə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən xarici vətəndaşlara daha çox əmək haqqı verilir, nəinki yerli vətəndaşlara. Bu bir Azərbaycan reallığıdır”.

İşçinin şikayətinə gəlincə, bu şirkət tərəfindən həll olunası məsələ deyil. Bunun üçün müvafiq dövlət qurumları məsələ qaldırmalıdır”.

Mili Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıqlamasında məsələyə münasibət bildirib.

O bildirib ki, qanunvericilikdə işçinin yerli və xarici olması səbəbindən əmək haqqının fərqləndirilməsi nəzərdə tutulmayıb:

"Əgər xarici vətəndaşı xüsusi dəvətlə Azərbaycana çağırıblarsa və onun kimi mütəxəssis bizdə yoxdursa, o zaman ona digərlərindən çox əmək haqqı verilməlidir.

Çünki xarici vətəndaş bura dəvət olunan zaman, onun burada kirayəpulu  və digər məsələləri nəzərə alınır. Qeyd edim ki, əvvəllər neft şirkətində işləmək üçün dəvət olunan mütəxəssislərin 70 faizi xaricdən gəlirdi, hazırda isə bu, 5-10 faizə düşüb”.

Komitə sədri qeyd edilən problemin qanunvericiliklə yolverilməz olduğunu deyib:

"Əgər xarici vətəndaş da, azərbaycanlı da eyni işi gördüyü halda, birinciyə yüksək, yerliyə ondan az maaş verilirsə, bu, yolverilməzdir. Ümumiyyətlə, bu, büdcəyə ziyan vurmaqdır. Əgər Azərbaycanda o işi bacaran şəxs varsa, niyə xaricdən kimsə gəlib bizim vətəndaşın yerini tutmalıdır? Nə üçün büdcəyə ziyan vururlar? Mən hesab edirəm ki, onu bura dəvət edəndədir günah”.
 
1919-cu ildə yaradılmış "Hallibörtn” Şərq ölkələri bazarına ilk dəfə 1926-cı ildə çıxıb. Hazırda şirkətdə dünyanın 70 ölkəsindən təxminən 45 min adam işləyir./modern.az/
 
MediaFax