Xaricdən təcili borc almağa ehtiyac varmı?

Ekspertlər mövcud durumu və şərtləri dəyərləndirirlər
 
 
Ölkənin beynəlxalq təşkilatlardan kredit cəlb etmək imkanları müzakirə olunmaqdadır. Müxtəlif səviyyələrdə gedən müzakirələrin bir qismi açıqlansa da, ekspertlər mövcud şəraiti uyğun hesab etmirlər. 

Bildirilir ki, beynəlxalq qurumların kredit şərtlərinə Azərbaycan hazır deyil. Həmçinin ölkənin kredit reytinqinin aşağı düşməsi, ölkədə ümumi iqtisadiyyatla bağlı durumun təhlili də bunu deməyə imkan verir. Beynəlxalq təşkilatlar bu halda daha yüksək faizlə kredit verə bilərlər ki, bu da arzuolunan deyil. Əksər ekspertlər ölkənin təcili şəkildə pula ehtiyacı olduğunu vurğulayırlar.  

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın özünün daxildə dövlət büdcəsi ilə bağlı problemlərdən, yaxud onun formalaşdırılmasından başqa, bir neçə böyük beynəlxalq öhdəlikləri də var: "Bu, əsasən ”Cənub Qaz Dəhlizi" proqramına aid məsələlərdir. TANAP-la və TAP-la bağlı layihələrdir ki, Azərbaycanın kifayət qədər yüksək payı var. "Şahdəniz-2" layihəsində 20 faiz maliyyələşmə, TANAP-da 57 faiz, TAP-da isə 20 faiz maliyyələşmə Azərbaycanın üzərindədir. Əsas da bu dəqiqə hökuməti düşündürən və maraqlandıran məsələ məhz bu layihələrin maliyyələşdirmə mənbələrinin tapılmasıdır. Bildiyim qədər, TAP-la bağlı danışıqlarda yeni irəliləyiş var. Avropa Yenidənqurma və İnkişaf Bankı TAP layihəsinin maliyyələşməsi üçün kredit ayırmağa hazırdır. Amma burada əsas şərtlərdən biri həmin kreditin Avropa Birliyi ərazisində, Yunanıstan ərazisində xərclənməsi tələbidir. TAP da əsasən məhz həmin ərazidə həyata keçirilmək üçün düşünülür. Bu da Avropa Birliyi ərazisində əlavə iş yerlərinin yaranmasına səbəb olacaq. Yəni bununla bağlı danışıqlarda müəyyən irəliləyiş var”. 

Ekspertin sözlərinə görə, əsas məsələ məhz bu layihələrin maliyyələşdirilməsi məsələsidir ki, burada da kifayət qədər böyük məbləğdən söhbət gedir: "Yaxın iki ildə Azərbaycan təqribən 16-18 milyard dollar investisiya xərclərində iştirak etməlidir. 2019-cu ilə qədər olmalıdır. Çünki 2020-ci ildə artıq bu layihə fəaliyyətə başlamalıdır. Daxili investisiyalara  böyük maliyyə mənbələrinin ayrılması problemin bir tərəfidir, digər tərəfi həmin maliyyə mənbələrinin necə istifadə olunması və hansı sahələrin inkişafında daha önə çıxması məsələsidir. Yəni burada əsas məsələ bundan ibarətdir ki, Azərbaycan hökumətinin biznes planı olmalıdır ki,  maliyyə qurumları ilə danışıqlar getsin və maliyyə vəsaitlərinin alınması ilə bağlı, onun necə xərclənməsi, hansı sahələrdə prioritetin olması razılaşdırılsın. Bir də Azərbaycan hökuməti bunu bir neçə dəfə bəyan edib ki, xüsusilə qeyri-neft sektoruna xarici investorların cəlb edilməsində maraqlıdır. 

Burada maraq var, hiss olunur ki, hökumət bunu istəyir. Sadəcə, burada oyun qaydaları dəyişmədən, müəyyən güzəştlər tətbiqi olmadan xarici investorların cəlb olunması çox çətindir. Çünki xarici investorları maraqlandıran bir neçə məsələ var. Bu, mülkiyyət toxunulmazlığı, məhkəmələrdə insanların hüquqlarının qorunması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələləridir. Hökumət bu sahələrdə ciddi addımlar atsa, investisiyaların daha rahat şəkildə Azərbaycana gəlməsi, daha rahat şəkildə investorların Azərbaycana maraq göstərməsində bir sürətlənmə prosesi ola bilər. Çünki bu, çox vacibdir. Azərbaycanın bu dəqiqə ən çox ehtiyacı olduğu məsələ xarici investorların qeyri-neft sektoruna yatırımlara təşviq olunmasıdır”. 

N.Cəfərli həmçinin qeyd edib ki, bu nöqteyi-nəzərdən, Azərbaycana hansısa məbləğin lazım olmasını hesablamaq çox çətindir: "Çünki hansı sahələrin prioritet olması hələ tam məlum deyil. Gah kənd təsərrüfatının, gah İKT-nin, gah digər bir sahənin prioritet elan olunması, tez-tez bu prioritetlərin dəyişməsi investorlar üçün də bəlli oyun qaydalarının oturuşmamasına gətirib çıxarır. Yəni ümumilikdə Azərbaycanı investisiyalar üçün cəlbedici bir ölkəyə çevirmək lazımdır. Bunun üçün də kifayət qədər keçiləsi yol var. Həm hüquqi sahədə, həm idarəetmədə kifayət qədər ciddi islahatlara ehtiyac var”.

Əksər ekspertlərin fikrincə, bu gün xaricdən alınacaq kreditlərə ehtiyac böyükdür./musavat.com/

MediaFax