Valyuta bazarındakı ajiotajın səbəbi açıqlandı

"Son ajiotaj bir oyun idi. Burda baş rolu Mərkəzi Bank oynayırdı".
 
Bu sözləri açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov son günlər valyuta bazarında yaranmış qıtlığa münasibət bildirərkən deyib.

Əkrəm Həsənov qeyd edib ki, dollar qıtlığını Mərkəzi Bank yaratmışdı: "Nəticədə nə baş verdi? Azərbaycanda dollara ən çox sahibkarların ehtiyacı var. Onlar da məcbur olub dolları "qara bazar"dan alırdılar. Faktiki kimsə bilə-bilə "qara bazar"a şərait yaratdı ki, 1.80-dən 1.85 manata qədər olan məzənnə ilə dolları satdılar. İşlərini bitirdikdən sonra xeyli milli valyuta əldə etdilər. Sonra Mərkəzi Bank dolları buraxdı".

Ekspert bildirib ki, Azərbaycanın ehtiyat valyutası var: "İndi bunun "dollar düşdü deyib" əks reklamını aparırlar. Həmin günlər ərzində kim ki, pul qazanmaq üçün dollar almışdı, indi onlar banklara gedir, banklar da dolları 1.63-lə alır. Bu zaman onlar dolları yenə "qara bazar"a satırlar. "Qara bazar" dolları onlardan 1.65-lə qəbul edir. Valyuta qıtlığı zamanı 1.85 aldıqları dolları 1.65-lə satacaqlar. "Qara bazar" hər bir dollarda 20 qəpik qazanır. İndi də "dollar düşdü" söhbəti edilir ki, yenidən ucuz alsınlar. Bəzi sahibkarlarımız və vətəndaşlarımız əlindəki bütün pulları dollara dəyişib. Təbii ki, qarşıdan bayram gəlir və onlara milli valyuta lazım olacaq. İnsanlar da dolları məcburən banklara deyil, "qara bazar"a satacaq. "Qara bazar"ı idarə edənlər də bankdan dollar almır. Elə vətəndaşlardan da dolları geri alacaq. Hər bir dollardan 20 qəpik qazanc isə milyonlarla gəlir gətirir". 

Əkrəm Həsənov məzənnənin düşəcəyi ilə bağlı şayiələrə münasibət bildirib: "Yox, dollar düşməyəcək. Bunu hamı unutsun. Azərbaycanda daha məzənnə enməyəcək. İstənilən halda Azərbaycan manatının devalvasiyası davam edəcək. Bunun bir səbəbi var ki, ölkəyə dollar az gəlir.

Amma dövlət istəsə, bu gün bir dolları 16 qəpiyə kimi endirə bilər. Azərbaycanın 40 milyard dollar valyuta ehtiyatı varsa, dövriyyədə olan milli valyuta ehtiyatı 6 milyarddır. Dövlət bütün valyuta ehtiyatlarını satışa çıxarsa, bir dollar 16 qəpiyə düşə bilər. Ancaq bunu etməz. Çünki valyuta ehtiyatları onsuz da get-gedə azalacaq"./qaynarinfo.az/

MediaFax