Uşağın yanında atasını alçaltdı, cərimə olundu - 30 min avro

"The Telegraph" yazır ki, İtaliya məhkəməsi bir qadını oğlunun qarşısında keçmiş ərini ağır sözlərlə alçaltdığına görə 30 min avro cərimə edib.

Bundan əvvəlki boşanma məhkəməsi uşağın anası ilə qalması barədə qərar çıxarsa da, ataya ona baş çəkmək hüququ vermişdi.

Lakin qadını cərimə edən məhkəmənin hökmündə deyilir ki, o uşağı hər iki valideyni ilə sağlam münasibətlərə malik olmaq imkanından məhrum edib.

Məhkəmənin hökmündə vurğulanır ki, qadın gələcəkdə də özünü belə apararsa, uşaq ondan alınıb keçmiş ərinə verilə bilər.

Hakim adı hüquqi mülahizələrlə çəkilməyən qadına deyib ki, o keçmiş ərini, yəni uşağının atasını onun qarşısında dəfələrlə danlamaqla oğlunun ruhi sağlamlığına ziyan vurub və beləliklə də cinayət əməli törədib.

Avropa İttifaqının qanunlarına görə uşaqlar hər iki valideynləri ilə münasibət saxlamaq hüququna malikdirlər.

Vəkil Francesca Zanassi "The Telegraph" qəzetinə deyib ki, bu məhkəmənin hökmü başqa boşananlara dərs olmalıdır. Qoy uşaq üstündə bir-birləri ilə "müharibə" etməsinlər./musavat.com/

MediaFax