Universitet tələbələri soyuqdan donur...

Bakı Slavyan Universitetinin korpuslarında istilik sistemləri işləmir.

Saytımıza daxil olan məlumata görə, 1 aydan çoxdur ki, universitetin 2-ci korpusunda oxuyan tələbələr soyuqdan əziyyət çəkirlər. Belə ki, istilik sistemi işləmədiyindən auditoriyalar soyuq olur və tələbə və müəllimlər məcburən gödəkcə, papaq və şərfdə dərs keçməli olurlar.

Məsələyə münasibət bildirən universitetin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev bildirib ki, bu il universitetdə istilik sistemi tam yenidən qurulur: "Bəzi mərtəbələr var ki, orada temperatur bərabər deyil. Məsələn, 3-cü mərtəbə ilə 4-cü mərtəbə arasında o sistemin yenidən qurulması ilə bağlı istilik sistemi tam tənzimlənməyib. Ola bilsin ki, ona görə də həmin korpusda istilik sistemləri işləmir. Amma ümumi olaraq bütün universitetdə istilik sistemi hər yerdə işləyir”.

İbrahim Quliyev qeyd edib ki, əvvəldən universitetin istilik sistemində problem olur: "Demək olar ki, əvvəldən universitetdə istilik sistemləri olmayıb. Bu il isə həmin sistemlər tam olaraq yenidən qurulur. Bu səbəbdən də hansısa kabinetdə, otaqda problem var. Yəqin ki bu haqda prorektora deyilsə, problem aradan qaldırılar”./bakipost.az/

MediaFax