“Türk Hava Yolları”nın “Boeing 747” təyyarəsi qəzaya uğradı - Onlarla ölü - YENİLƏNİB

09:11

Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.
 
Qırğızıstan Səhiyyə Nazirliyindən RİA "Novosti” agentliyinə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.
 
"Türk Hava Yolları” aviaşirkətinə məxsus "Boeing 747” yük təyyarəsi bu gün səhər Honkonq-Bişkek reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkek aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə qəzaya düşüb.
 
Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.
 
X X X
 
"Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.
 
Bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.
 
=====
10:56
 
"Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.
 
"Kommersant”ın verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
 
Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.
 
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya  yerləşdirilib. 

Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb./APA/

MediaFax