Trampın Klintona qalib gəlməsinin sirri...

Respublikaçı yeni prezident seçkidə tətbiq etdiyi inqilabi təbliğat üsulu ilə rəqibini məğlub edib 

Donald Trampın Hillari Klinton üzərindəki qələbəsi ilə bağlı diskussiyalar hələ uzun müddət səngiməyəcək. Xüsusilə ekspertləri məğlub Hillari Klintonla respublikaçı qalib prezidentin təbliğatı üçün xərclər arasındakı fərqin böyüklüyü heyrətləndirib.

Belə ki, demokrat namizəd seçkidə 1,3 milyard dollar xərclədiyi halda, Trampın maliyyə xərcləri sadəcə, 800 milyon dollar təşkil edib. Namizədlər arasında media təbliğatında da fərq böyük olub. Məsələn Floridada Klinton medya reklamlarına Trampın 27 milyonuna qarşı 82 milyon, Ohayoda 48 milyon (Tramp 12 milyon), Pensilvaniyada isə 35 milyon (13 milyon Tramp) pul xərcləyib.

Lakin Tramp internet reklamlarına Klintondan daha çox vəsait sərf edib. Respublikaçı namizədin 60 milyon dollarından keçdiyi bu sahəyə Klintonun o cür nəhəng pullar qarşısındakı ayırdığı vəsait olduqca cüzi görünüb - cəmi 3 milyon dollar...

Ekspertlərin rəyincə, Trampın "digital”, yəni rəqəmli təbliğat kimi qeyri-ənənəvi təbliğat formalarına güc verməsi onun qalib gəlməsində böyük rol oynayıb.

Trampın bu cür inqilabi strategiyası hələ seçkidən xeyli öncəyə qədər mütəxəssislər tərəfindən sezilmişdi. Belə ki, seçkidən öncə Donald Tramp American "Media & Advocacy Group” ($20 milyon) və "Giles-Parscale” (təxminən $15 milyon) şirkətləri ilə müqavilə bağlayıb. Hər iki şirkət reklamla məşğuldur. Lakin "Giles-Parscale” ancaq rərəmli (digital) reklam istiqamətində fəaliyyət göstərir.

Trampın yuxarıda adları çəkilən 3 ştatda Klintonu üstələməsində Bred Parskalın misilsiz xidməti olub. Tramp Bred Parskalın seçdiyi taktika ilə onlayn kanallar vasitəsilə 250 milyon dollardan çox pul toplaya bilib. Həmin Parskalın etiraf etdiynə görə, bu məsələdə facebook əsl inkubator rolunu oynayıb.

Təsadüfi deyil ki, kompüter texnologiyalarının müasir cəmiyytə təsirini araşdıran "Wired” nəşri də məhz Facebook-un Trampın qələbəsini təmin etdiyini yazıb. 

Bunu respublikaçı namizədin seçki qərargahının reklam məsələləri üzrə direktoru Qaret Kobi də təsdiq edib. Kobi bildirib ki, onun komandası hər gün eyni məlumatı 40-50 min variantda sosial şəbəkələrə yerləşdirərək, auditoriyanın həmin informasiyalara olan reaksiyasını araşdırıb.

Məsələn, Klintonla Trampın 3-cü debatında Kobi bununla bağlı gedən məlumatları 175 min variantda sosial şəbəkələrə daxil etdiklərini qeyd edib. Bu isə müəyyən kateqoriyadan olan seçicilərin Trampa olan marağının artmasına gətirib çıxarıb.

Təsadüfi deyil ki, Viskonsin, Ohayo, Pensilvaniya kimi bir sıra tərəddüd edən ştatlarda sentyabr ayından etibarən respublikaçı namizədin youtube-dakı kanalına baxanların sayında artmalar müşahidə olunmuşdu. 

Son seçkilər həm də onu göstərdi ki, ABŞ-da əhali ənənəvi mediada gedən təbliğat vasitələrindən artıq yorulub, daha doğrusu, bezib. Belə olmasaydı, Tramp əsasən Hillari Klintona böyük rəğbət bəsləyən ABŞ KİV-lərinə qarşı dayana bilməzdi. 

Ekspertlər Trampın məhz qeyri-ənənəvi təbliğat üsullarından istifadə etdiyinə görə özünə lazım olan seçici potensialını təmin etdiyini bildirirlər. Klintonun seçki təbliğatında şablon vasitələrdən istifadə etməsi isə ona baha başa gəlib.

Lakin Tramp amerikalıların mediaya olan münasibətini yaxşı tuta bilib. Məsələn, Gallup-ın araşdırmasına görə, ABŞ vətəndaşları arasında mətbuata olan inam olduqca aşağı düşüb (32%). Yəni necə deyərlər, ənənəvi medianın Klintona olan rəğbəti demokrat namizəd üçün əks-effekti verib.

Xatırladaq ki, hələ Klinton seçkidə KİV-lərin ona verdiyi böyük dəstəyə o qədər arxayın idi ki, seçkidən cəmi 1 ay öncə Ohayoda seçicilər qarşısında çıxış edərkən belə demişdi: "Görəsən, mən Tramp üzərində niyə 50%-lik qələbə çala bilmirəm”.

Tramp isə sadə amerikalıların evlərinə, kompüterlərinə, beyinlərinə və nəticədə seçki zamanı həlledici rəylərinə məhz "digital” təbliğat üsulu ilə girməyi bacardı.

"Mikromarketinq və personal kommunikasiya... Amerikalılarda bu, çox inkişaf edib. Həm demokratlar, həm də respublikaçılar personal kommunikasiyadan öz məlumatlarını seçici qruplarına çatdırmaq vasitəsi kimi istifadə edirlər. Bu məqsədlə seçicilərin davranış modellərinin düzəldilməsi üçün böyük məlumatlar bazasından istifadə etmək lazımdır. Nəticə isə öz tərəfinə çəkmək istədiyin seçicilərə rəqəmli siqnalların çatdırılmasından ibarətdir. Bu, bir növ isti ölkələrdə kiçik borular vasitəsilə hər bitkini sulamağa bənzəyir”, - deyə ekspert bildirib.

"Tramp dəqiq mesajlar verə bildiyi üçün qələbə qazana bildi. O, mövcud sistemdən narazı olanların qapısını vaxtında döyməyi bacardı. Klintonun Trampı Putinlə əlaqələrdə ittiham etməsi ona heç bir xeyir gətirmədi. Trampın "işləməyən və xalqdan ayrı düşən hakimiyyət” mesajları isə öz xeyrini dərhal göstərdi”, - deyə Trampın qərargahında çalışan mənbə vurğulayıb./musavat.com/

MediaFax