Televiziyalarda yeni filmlərimiz niyə az göstərilir? - Araşdırma

Hər il Azərbaycanda dövlət sifarişi ilə 3-4 film çəkilir.
 
Amma bu filmlərin çəkilməsi ilə arxivə atılması bir olur. Həmin filmlərə təmtəraqlı təqdimat mərasimləri düzənlənir. Bununla da o filmlərin kitabı bağlanır.
 
Niyə? Məgər dövlətin xərc çəkib istehsal etdiyi bu filmlər arxivə yatırılmaq üçünmü çəkilir? Dünya təcrübəsində, filmlər prezentasiyadan sonra kinoteatrlarda nümayiş olunur. Daha sonra kasetlərə köçürülərək satılır, istənilən qazanc əldə olunduqdan sonra isə televiziyalara ötürülür.
 
Bəs Azərbaycanda proseslər necə tənzimlənir? Çəkilən filmlərin aqibəti necə olur? Kinoteatrların fəaliyyət göstərmədiyi bir dönəmdə (Nizami kinoteatrı istisna olmaqla – C.S.) milli filmlərimiz niyə televiziyalarda nümayiş olunmur?
 
Bunu araşdırmağa çalışacağıq.
 
"Nə qədər "hır-hır” filmlər göstərmək olar?”
 
Peşəkar Rejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor Hüseyn Mehdiyev: "Əslində dünya praktikasında belədir ki, film istehsal ediləndən sonra ilk növbədə kinoteatrlarda nümayiş olunmalıdır. Əgər həmin filmin reytinqi yüksək olursa, kinoteatrlar onun nümayişini davam etdirir. Əgər artıq yeni filmlər gəlirsə və yaxud da o filmlər tamaşaçı cəlb etmirsə, disklərə köçürülür və satılır. Yəni bütün qazanc yollarından istifadə etdikdən sonra, sonda film televiziyalarda nümayiş olunur. Belə deyək, son bazar televiziyalardır. Televiziyalar son, amma böyük bazardır. Amma dünya praktikasından fərqli olaraq, Azərbaycanda vəziyyət başqadır. Azərbaycan televiziyalarında milli kino siyasəti yox dərəcəsindədir. 80 faiz filmlərimiz TV-lərdə nümayiş olunmur. Təbii ki, bəzi televiziyalar istisna olunmaq şərtilə. Bayramdan-bayrama, müəyyən günlərdə bəzi filmlər nümayiş olunur, eyni filmlər də camaatı bezdirir. Nə qədər "hır-hır” filmlər göstərmək olar? Təbii ki, biz qurum olaraq Azərbaycan televiziyalarının proqram siyasətinə müdaxilə edə bilmərik. Biz lazım olduğu halda, onlara yalnız kömək əlimizi uzada bilərik”.
 
"Rəqəm açıqlamağa xəcalət çəkirəm”
 
Hüseyn Mehdiyev Azərbaycan filmlərinin telekanallarda nümayiş olunmamasının səbəblərini də sadalayıb: "Bunu qısqanclıq kimi də dəyərləndirmək olar. Azərbaycan filmlərinə hər zaman tamaşaçı marağı olub, reytinqi stabildir. Təbii ki, peşəkar filmi görən tamaşaçı müqayisədə televiziyaların öz məhsullarının nə dərəcədə səviyyəsiz olduğunu görəcək. Digər tərəfdən burada müəyyən məqamlar da var: kimin filmidir, ssenari müəllifi kimdir, hansı aktyor çəkilib, kimin qohumudur və s… Buna görə də müəyyən filmlər var ki, ancaq onları fırlatmaqla məşğuldurlar. Məsələn, "Əhməd haradadır?” Tamaşaçının hər zaman sevdiyi və sınaqdan keçən bir filmdir. Telekanal rəhbəri bilir ki, bu filmə görə ona "ilişməyəcəklər”. Bu cür 20-30 filmi elə hey fırladırlar. Qalan 80-85% filmlərimiz isə qalır qıraqda, yuxarıda dediyim səbəbdən göstərmirlər. Amma Əslində isə film sənət əsəridir və ona yalnız bu prizmadan yanaşmaq lazımdır”.
 
Əslində televiziyalar nümayiş etdirdiyi filmə görə istehsalçıya nə qədər pul ödəməlidir? Bazar diliylə desək, bu alqı-satqı necə həyata keçirilməlidir?
H.Mehdiyev dünya praktikası ilə müqayisədə milli filmlərin çox cüzi gəlir gətirdiyini deyib: "Dünyadan fərqli olaraq bizdə bu rəqəm o qədər simvolikdir ki, rəqəm açıqlamağa xəcalət çəkirəm. Bir filmin bir dəfə efirdə nümayişi üçün 100-150 manat hüquq sahibinə pul ödənilir. Əlbəttə televiziyalar bu pulu ödəməkdənsə, pirat məhsullara üstünlük verir. Hansısa bir filmin kasetini alır, dublyaj edir və ekranlarda nümayiş olunur”.
 
Qeyd edək ki, film telekanalda nümayiş olunan zaman hüquq sahibinə istehsalçıya qonorar ödənməlidir. Əgər film "Azərbaycanfilm” kinostudiyada istehsal olunubsa, hüquq sahibi də kinostudiyadır və istifadəçilərlə müqaviləni onlar bağlayırlar. Həmin vəsaitin bir hissəsini kinostudiyaya öz ehtiyaclarına xərcləyir, digər hissəsi isə müəlliflər arasında bölüşdürülür. Müstəqil şirkətlər tərəfindən çəkilən filmlərin istehsalçıları isə bu hüququ Peşəkar Rejissorlar Gildiyasına həvalə edib. Biz də həmin hüquq sahiblərinin hüquqlarını qoruyur onların əsərlərinin qanunu istifadəsinə nəzarət edirik.
 
"Utanıram, o qəpik-quruşa görə”
 
Əməkdar incəsənət xadimi, tanınmış rejissor Əbdül Mahmudbəyli milli filmlərin televiziyalarda göstərilməməsininin səbəbini belə açıqlayıb: "Telekanallar Azərbaycan filmlərini ona görə nümayiş etdirmirlər ki, buna görə Peşəkar Rejissorlar Gildiyasına qəpik-quruş ödəyəcəklər. Vallah-billah utanıram, o qəpik-quruşa görə. Məbləği də açıqlamağa adam xəcalət çəkir. Gildiyanın rəhbəri Hüseyn Mehdiyevdən soruşun, o desin. İkinci səbəb mənəviyyat məsələsidir. Gərək mənəviyyatın güclü olsun ki, xalqın tarixini, milli adət-ənənələrini özündə cəmləyən milli kinomuzun incilərini tez-tez ekranlara çıxarasan. Xalq hər zaman bu filmlərə tamarzıdır. Onlar görmək istəyir, amma bu filmləri onlara göstərən yoxdur. Telekanallar asan və rahat yolu seçir. Oradan-burdan kaset tapır və əcnəbi filmləri yayımlayır. Bu millət nə vaxta qədər onun-bunun filminə baxacaq axı?
 
Yas günlərində "Biz qayıdacağıq”
 
Kinorejissor Elxan Qasımov sualımızı zarafatla cavablandırdı:

Televiziyaları sağ olsun, yas günlərində mənim "Biz qayıdacağıq” filmimi nümayiş etdirirlər. Nə deyim, özəl televiziyadırlar, kefləri nə istəyir, onu da göstərirlər.
 
… Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, telekanallarda milli filmlərimizin  nümayiş olunmamasının əsas səbəblərindən biri ödəniləcək qonorardır.
 
Qısqanclıq, daha çox öz filmlərini nümayiş etdirmək istəyi də milli filmləri televiziyalardan qaçaq salan səbəblər sırasındadır./publika.az/

MediaFax