Təhsil idarəsində nə baş verib?

"Baxşeyiş Məmmədov ona söz verilmədiyi üçün bu gün iclasda dava saldı" 

Bunu saytımıza Ağcabədi Rayon Təhsil Şöbəsinin müdir müavini Əfrasiyab Məmmədov dedi. Onun sözlərinə görə, şöbədə yaşanan insidentdə günahkar metodist Baxşeyiş Məmmədovdur.

"Şöbədə bu gün rayon məktəb direktorlarının və işçilərinin iclası oldu. Hamımız iclasda iştirak etdik. Şöbənin direktoru Solmaz Rəhimova lazımı tapşırıqlarını və məsləhətlərini verdi. Daha sonra o, öz otağına getdi və mənə tapşırdı ki, şəhər direktorlarına deyim ki, bir-bir onun otağına getsinlər. Mən də Solmaz xanımın dediklərinə əməl etdim. Direktorlar iclas zalından çıxanda Baxşeyiş müəllim də onlarla birgə iclas zalını tərk etdi. Mən aparıcı məsləhətçi İbrahim Vəliyevdən xahiş etdim ki, onu geri çağırsın".

Əfrasiyab Məmmədov deyir ki, dava məhz Baxşeyiş Məmmədovun geri qayıtmasından sonra baş verib.

"O, qapının ağzına çatanda məni söyməyə başladı. "Məni xor görmüsən. Sənin başına oyun açaram" kimi sözlərlə mənim üstümə gəldi. Mən də hamının yanında pərt oldum. Niyə belə elədiyini soruşanda isə, ona söz vermədiyimə görə mənə hirsli olduğunu bildirdi. Onu başa salmağa çalışdım ki, burada adi işçiyəm. Kiməsə söz vermək lazım olduğunu Solmaz xanım deməlidir. Amma o, yenə başa düşmək bilmirdi. Hələ qalxıb yuxarı mərtəbədə də qışqırdı. Onun səsinə Solmaz xanım gəldi. Hər ikimizi otağına çağırdı. Mən izahatımı yazdım, hətta, sonda qeyd etdim ki, Baxşeyiş müəllimlə bağlı hər hansı bir tədbir görülsün. Baxşeyiş müəllim isə izahat yazmadan getdi", - deyə Əfrasiyab Məmmədov əlavə etdi.
 
Təhsil işçisi onun pul alaraq pensiya yaşına çıxmış direktorları vəzifədə saxlamasına da münasibət bildirərək, bu işin yalnız Nazirliyin səlahiyyətində olduğunu qeyd etdi. Bundan başqa, qurum işçisi Baxşeyiş Məmmədovun bu hərəkətinin təkrar olduğunu söylədi. Onun sözlərinə görə, bir dəfə içkili halda işə gələn Baxşeyiş Məmmədov başqa bir metodisti təhqir edərək, onunla dava etmişdi.

İclasda iştirak edən Ağcabədi rayon Namik Abdullayev adına Avşar kənd tam orta məktəbin direktoru Kərim Ələkbər də hadisəni bizə danışdı. Onun sözlərinə görə, Baxşeyiş Məmmədov və Əfrasiyab Məmmədov arasında yaşayan insidentin səbəbini heç kim başa düşməsə də, amma davanı salan Baxşeyiş müəllim olub:

"Biz direktorlara dedilər ki, iclasdan çıxıb şöbə müdirin otağına gedək. Baxşeyiş müəllim də bizimlə birgə çıxdı. Amma onu geri çağırdılar. O da geri dönüb, qışqır-bağır saldı. Amma niyə belə elədiyini bilmirəm", - deyə məktəb direktoru vurğuladı.

Əlaqə saxladığımız Baxşeyiş Məmmədov isə hazırda işinin olduğunu və məsələyə daha sonra aydınlıq gətirəcəyini bildirdi.

Təhsil Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məsələni daxili nəzarət şöbəsi araşdıracaq və əgər Nazirliyinə məktub yazılıbsa, o da mütləq cavablanacaq.

Qeyd edək ki, yerli saytlardan biri bu gün Ağcabədi Rayon Təhsil Şöbəsində şöbənin müdir müavini Əfrasiyab Məmmədovla metodist Baxşeyiş Məmmədovun arasında əlbəyaxa dava düşdüyü haqqında xəbər yazmışdı.

Metodistin həmin sayta verdiyi məlumata görə, pensiya yaşı çatan və bir müddət əvvəl Təhsil naziri tərəfindən şiddətli töhmət alan Əfrasiyab Məmmədov onu işdən çıxartmaqla hədələyir. Rayon təhsil şöbəsinin müdiri Solmaz Məhərəmmova isə metodist Baxşeyiş Məmmədova 1 ay vaxt verərək ona özünə yeni iş tapmağı, onunla işləməyəcəyi, işləmək üçün özünün yeni komandası olduğunu bildirib. Baxşeyiş Məmmədov isə məsələ ilə bağlı Təhsil Nazirliyinə məktub göndərək, hadisə ilə bağlı tədbir görülməsini xahiş edib.

Baxşeyiş Məmmədov onu da qeyd edib ki, Ağcabədi Rayon Təhsil Şöbəsin müdir müavini Əfrasiyab Məmmədov pensiya yaşı çatmış məktəb direktorlarından işlərini davam etdirmək üçün külli miqdarda rüşvət aldığını bildirib.

Kimin düz, kimin haqlı olduğu, yəqin ki, Nazirliyin araşdırmasından sonra bəlli olacaq./admiral.az/

MediaFax