Təcili yardım yük maşını ilə toqquşub yandı: ölənlər və yaralananlar var - YENİLƏNİB

12:23

Kürdəmirdə təcili yardım maşını yük maşını ilə toqquşub.
 
FHN-in verdiyi məlumata görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Yanğın nəticəsində "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
=====
13:07
 
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.
 
Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar  Mərkəzi Rayon Xəstəxanasına məxsus  "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.
 
Nəticədə "Ford" markalı maşında olan Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və avtomobildə olan tibb bacısı Validə Yunis qızı Xəlilova və sərnişin Xəyalə Zabit qızı Mehdiyevaı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
V. Xəlilova xəstəxanada vəfat edib. 
 
Məlumata görə, təcili yardım avtomobilində olanlar hadisə nəticəsində ölən Şəhla Əzizovanın qızını Bakıdakı klinikalardan birinə yerləşdirib geri dönürmüşlər.   

Zərbənin gücündən "Ford” markalı maşında yanğın baş verib.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları  cəlb olunublar. Yanğın səbəbindən yol 3 saata yaxın bağlı qalıb. 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

MediaFax