Tankçılarımız Rusiyada birinci oldular - Video

Tank biatlonu üzrə yarışların final mərhələsi avqustun 13-ü keçiriləcək.

Rusiyada keçirilən "Tank Biatlonu” yarışlarında Azərbaycan hərbçiləri öz qrupunda ən yaxşı nəticə göstərərək birinci yer tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ümumilikdə yarışda 17 ölkədən 51 tank heyəti iştirak edir. 

Məlumata əsasən, yarış iştirakçıları Rusiya tərəfindən onlara təqdim olunan "Т-72B3” tanklarında yarışırlar.

Bazar günü keçirilən müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.

Yarışda Azərbaycanı Məftun İbrahimov, Rəşad Atakişiyev və Umar Ömərov təmsil edir.

Tank biatlonu tank ekipajları arasında sürücülük ustalığı və tankın silahlanmasında olan atəş vasitələrində dəqiq atışma üzrə yarışmadır.

"Fərdi sürücülük” mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km. olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.

Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir. 

Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. "Fərdi sürücülük” mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla "Estafet” mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Tank biatlonu NATO ölkələri arasında 1963-1991-ci illərdə keçirilib.

2013-cü ildən Rusiyanın təşəbbüsü ilə tank biatlonu yenidən beynəlxalq formatda Rusiyada keçirilir. İlkin olaraq tank biatlonunda Rusiya, Belarus, Qazaxıstan və Ermənistan komandaları iştirak edirdi. Növbəti illərdən iştirakçı ölkələrin sayı artır.

Qeyd edək ki, tank biatlonu üzrə yarışların final mərhələsi avqustun 13-ü keçiriləcək./moderator.az/
 



 


MediaFax