Tanınmış bankın hesabatları saxta imiş - Ekspert deyir

"Qanunvericiliyin tələbinə zidd olaraq "Rabitəbank” ötən il üzrə kənar auditor tərəfindən təsdiqlənmiş hesabatı internet saytında dərc etməyib. Amma digər saytlarda həmin hesabat mövcuddur”.

Gununsesi.info-nun məlumatına görə, bunu bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov qeyd edib.

Hüquqşünas bildirir ki, sözügedən bankın hesabatlarında ziddiyyətlər var: "Rabitəbankın öz saytında ötən il üzrə yalnız kənar auditor tərəfindən təsdiqlənməyən rüblük hesabatlar yerləşdirilib. Lakin illik və 2015-ci ilin IV rübü üzrə hesabatlar arasında uyğunsuzluqlar var. Məsələn, illik hesabatda nizamnamə kapitalı 46,247 mln. manat, rüblük hesabatda isə 48,5 mln. göstərilib. Digər misal: illik hesabatda cəmi kapital 41,358 mln. manat, rüblük hesabatda isə 58,479 mln. manat göstərilib. Başqa sözlə, bankın saytında cəmi kapital (xalis aktivlər) haqda dərc edilmiş məlumat xeyli şişirdilib. Yəni, bank ictimaiyyətdə və müştəriləri arasında özü haqda yanlış təsəvvür yaratmaq istəyib”.

Xatırladaq ki, adıçəkilən bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev həm də Banklar Assosiasiyasının prezidentidir. Ə.Həsənov qeyd edir ki, burada  söhbət sıravi bankdan deyil, digərlərinə nümunə olmalı bankdan gedir: "Belə getsə, bankların rüblük hesabatlarına etimad heç qalmayacaq. Təsadüfi deyil ki, Palata da son 4 bankı bağlayanda onları təhrif edilmiş hesabatlar təqdim etməkdə suçlamışdı”./gununsesi.info/

MediaFax