Taleh Bağırovla Fuad Qəhrəmanlının məhkəməsi olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Ramil Ələkbərov zərərçəkmiş və şahid qismində ifadə verib.
 
Bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu Rayon Polis İdarəsinin qarşısında toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Hadisə zamanı polis əməkdaşlarına daş atılıb və polislərdən bir nəfər xəsarət alıb, R. Ələkbərovun qalxanı sınıb, qandalı isə itib.
 
Daha sonra vəkillərin sualların cavablandıran şahid təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, itmiş əşyaya görə raportla idarə rəisinə müraciət etdiyini, hər hansı tələbinin olmadığını deyib.
 
Daha sonra həmin hadisələr zamanı saxlanılan və hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O, bildirib ki, həmin gün asayişi pozmayıblar, heç kimə daş atmayıblar, Elçin Qasımovun nəyə görə həbs olunduğunu öyrənmək üçün idarəyə gediblər. O, saxlanılan zaman fiziki təzyiqə məruz qaldığını deyib.
 
Daha sonra Sabunçu RPİ-nin əməkdaşı Yaqub Abbaslı şahid və zərərçəkmiş kimi ifadə verib. O, 5 noyabrda baş verən hadisə zamanı xəsarət aldığını, dəbilqəsinin və dəyənəyinin itdiyini, təqsirləndirilən şəxsləri tanımadığını, hər hansı tələbinin olmadığını deyib.
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

MediaFax