Sumqayıtı boğan bu tüstü nədir?

"Xırdalan, Ceyranbatan, Tağıyev qəsəbəsi və Sumqayıt şəhərində gün ərzində yığılan zibillər təmizlik idarəsinin poliqonunda hər axşam yandırılır. Bunun nəticəsində bütün şəhəri tüstü bürüyür. Hər axşam şəhər sakinləri tüstü qoxulamaqdan cana doyub”.
 
Bu barədə saytımıza Sumqayıt şəhər sakinləri müraciət edib.
 
Sumqayıt sakinləri bildirirlər ki, isti yay günlərində tüstü qoxusundan küçəyə çıxa bilmirlər. Zibilləri yandırmaq qadağan olunsa da, hər gün bu hal müşahidə edilir, heç bir tədbir isə görülmür.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev açıqlamasında bildirib ki, Sumqayıt və ətraf ərazilərin tullantıları məhz həmin poliqona toplanır: "Sumqayıtda zibillərin daşınması, zərərsizləşdirilməsini  Sumqayıt şəhər İcra Hakimiyyəti tabeliyində Təmizlik Departamenti idarə edir. Orada 10 hektara yaxın sahədə zibillər toplanır. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq zibillər buldozer vasitəsilə bir yerə toplanmalı, preslənməli və torpağa basdırılmalıdır. Yaxud həmin departament və ya İcra Hakimiyyəti tullantıların məhv edilməsi ilə bağlı başqa bir təklif hazırlamalıdır. Lakin yandırılması yolverilməzdir”.
 
R.Mirzəyev adıçəkilən poliqonda bundan əvvəl də zibillərin yandırılması faktlarının aşkarlandığını dedi: "Təmizlik Departamenti son iki il ərzində məhz həmin poliqonla bağlı İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsinə əsasən, 4 dəfə - ümumilikdə 27500 manat məbləğinə cərimə olunub. Həmçinin icrası məcburi olan göstərişlər verilib. Lakin təəssüf ki, həmin poliqon hələ də hasara alınmayıb, şlaqbaum qoyulmayıb və kənar şəxslərin ora daxil olmasına heç bir mane yoxdur. Bu səbəbdən bəzi hallarda kənar şəxslər ərazidə zibilləri yandırır, yaxud zibillər öz-özünə alışa bilir. Lakin bu zaman yenə də məsuliyyəti Təmizlik Departamenti daşıyır. Çünki ərazidə daim nəzarət olmalıdır”.
 
Sektor müdiri artıq ərazidə monitorinq aparılması üçün əməkdaşların Sumqayıt şəhərindəki poliqona göndərildiyini dedi: "Əməkdaşlarımız hazırda ərazidədir, bu gecə də monitorinqləri davam etdirəcəklər. Zibillərin yandırılması halı təkrarlansa, o zaman qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. İnzibati Xətalar Məcəlləsinin tələbinə görə, fiziki şəxsləri 700-800 manat, vəzifəli şəxslər 3000-4000 manatadək, hüquqi şəxslər 8500-10 000 manatadək məbləğində cərimə edilirlər. Ola bilər ki, ərazidə tullantılar öz-özünə alışsın. Bu zaman yenə də Təmizlik Departamenti məsuliyyət daşıyacaq”./publika.az/

MediaFax