Sarkisyanın fərmanları etiraz doğurdu

Yeni il ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı 37 yaşlı Georgi Kutoyana general-mayor rütbəsinin verilməsi barədə fərman imzalayıb.
 
Xüsusi xidmət orqanlarına rəhbərliyə keçməzdən əvvəl Kutoyan orduda xidmət edib və zabit rütbəsi daşımayıb.

Digər fərmanla Sarkisyan Ermənistan polisinin rəhbəri Vladimir Qasparyana general-polkovnik rütbəsi verib.

Sarkisyanın bu qalmaqallı fərmanları Ermənistanda qızğın müzakirələrə səbəb olub. Bir sıra ekspertlər və analitiklər hesab edirlər ki, ötənilki aprel döyüşlərində tam süquta uğramış güc strukturlarının rəhbərlərinə yeni rütbələrin verilməsi təəccüb doğurur.

Beynəlxalq məsələlər və təhlükəsizlik institutunun Ermənistan filialının direktoru, politoloq Styopa Safaryan özünün "Facebook” səhifəsində bununla bağlı yazıb: "Yeni il mükafatları sadəcə olaraq şoka salır. Müharibəni öncədən görə bilməyən, müharibəyə hazır olmayan ölkəni ağlamalı vəziyyətə salan, daxili təhlükəsizlik məsələlərində iflasa uğramış məmurlar qızıla tutulur. Bu cür kiçik ölkədə belə kosmik miqyasda ikiüzlülük. Özlərinə tərcümeyi-hal yaradırlar, sonralar da nəvələri deyəcək ki, babalarımız vətənə xidmət ediblər, general, orden kavaleri, əməkdar olublar. Açığını desəm, bu ölkəni tərk etməyim gəlir”./virtualaz.org/

MediaFax