Sarısu gölündə nə baş verib? - Video

Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin və 7 saylı Regional ekologiya və təbii sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən həmin göldə kompleks monitorinq aparılıb.
 
Departamentin direktor müavini Mətanət Avazova bildirib ki, göldə antropogen təsirlərin olması mümkün deyil: "Çünki göl qorunan ərazidir və onun ətrafında hər hansı müəssisə yoxdur ki, su hansısa zərərli maddələrlə çirklənsin. Balıqların ölümü təbii proseslə bağlı ola bilər. Yaşıl kütlənin əsasən də göl ətrafı qamışlıqların yavaş-yavaş ömrünü başa vuran vaxtıdır. Çürümə nəticəsində suda olan oksigen azala bilər. Bu da əsasən dayaz yerlərdə müşahidə oluna bilər. Həm oksigen qıtlığı, həm də temperaturun yüksək olması səbəbindən balıqlar məhv ola bilər”.
 
M.Avazova bildirib ki, aparılan vizual monitorinqlər zamanı balıqların kütləvi ölümü halı qeydə alınmayıb: "Əməkdaşlarımız yalnız gölün qamışlıq ərazilərində bir neçə balığın öldüyünü müşahidə ediblər. Lakin kütləvi balığın məhv olması müşahidə olunmayıb”.
 
Qeyd edək ki, Sarısu gölü Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində "Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındadır.  
 
"Hərbi Ovçuluq İttifaqı”MMC-dən bildirdilər ki, göl ərazisində balıqların kütləvi məhv olması müşahidə edilməyib: "Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə monitorinq aparıb. İlkin məlumatda bildirib ki, Sarısu gölünün "Hərbi Ovçuluq İttifaqı” MMC-yə aid olan hissəsində balıqların kütləvi zəhərlənməsi müşahidə edilməyib”.
 
Sarısu gölündən götürülən suyun laborator müayinə nəticəsi bir neçə günə bəlli olacaq.

Qeyd edək ki, Sarısu gölündə (qoruq) balıqların kütləvi şəkildə məhv olması ilə bağlı məlumat yayılıb. Yayılan video materialda bildirilir ki, ərazidə balıq tutmağa çıxan rayon sakinləri göldəki balıqların hələlik məlum olmayan səbəbdən ölərək suyun üzərinə çıxdığının şahidi olublar. Sakinlərin sözlərinə görə zəhərli maddənin axıdılması səbəbindən belə bir hadisənin baş verdiyini ehtimal edirlər.

Xatırladaq ki, Sarısu Azərbaycan ərazisində Xəzərdən sonra ən böyük göldür. İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanır.
 
Qeyd edək ki, Sarısu gölündə baş verənləri ilk dəfə mətbuata MediaFax.Az saytı çıxarmışdı.
 

MediaFax