Sakinlərin narahatlığı nə vaxt bitəcək?

Şikayətçilərin narahatlığı 2-3 günə bitəcək 
 
Bakının Xətai rayon sakinlərindən bir neçəsi müraciət edərək Məzahir Rüstəmov küçəsində yenidən asfaltlama işlərinin aparılmasından şikayət ediblər: "Orada bir müddət əvvəl asfalt vurmuşdular. İndi isə yenə qazıb asfaltmağa başlayıblar. Yol düz 7 nömrəli poliklinikanın qabağından keçir. Lazım olan rahat şəkildə poliklinikaya gedib-gələ bilmirik. Bundan əlavə, avtomobillərin də təkərləri məhv olur gedir. Axı bir yolu neçə dəfə asfaltamaq olar? Əgər bunu qazıb sökəcəkdilərsə, onda o vaxt niyə asfalt vururdular?"

Məsələ ilə əlaqədar "Azəravtoyol" ASC-yə müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, əslində, vəziyyət heç də sakinlərin dediyi kimi deyil və bütün narahatlıqlar da cəmi 2-3 gündən sonra bitəcək:

"O ərazidə Məzahir Rüstəmov və Telnov küçəsində təmir işləri gedir. Hazırda Telnov küçəsi ilə Babək prospekti ilə Neapol dairəsi arası asfaltlama gedir. Bundan bir müddət qabaq orada asfalt örtüyünün yenicə vurulması və sonra qaşınması fikri isə həqiqətə uyğun deyil. Bu, yalan söhbətdir. Bir müddət əvvəl təmir işlərinə başlanılıb. Yoldakı köhnə asfalt asfalt qaşınmışdı. Sadəcə, orada kommunikasiya xətləri, konkret olaraq istilik borularının çəkilməsi ilə əlaqədar işlər bir qədər gecikdi. Amma artıq onlar da işlərini bitirmək üzrədir. Ona görə də biz asfaltmağa başlayırıq. İşlər təxminən 2-3 gün ərzində tamamlanacaq".

Qeyd edək ki, Bakının Xətai rayonun Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin general Əliağa Şıxlinski küçəsində aparılan təmir-tikinti işləri hələ aprel ayının axırından başlayıb. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, Məzahir Rüstəmov küçəsinin uzunluğu 1400 metr, eni 14 metr, Telnov küçəsinin uzunluğu 1340 metr, eni 13 metr, general Əliağa Şıxlinski küçəsində təmir işlərinin aparıldığı ərazinin uzunluğu isə 500 metr, küçənin eni 14 metrdir.

Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə Məzahir Rüstəmov küçəsinin 20 min kv.m  sahəsi, Telnov küçəsinin 17 min 500 kv.m sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 7 min kv.m sahəsi asfaltlanacaq./milli.az/
 
MediaFax