Sakinlər iş adamından şikayətçi düşüblər

Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə tikinti aparan iş adamı Əvəz Şükürov barədə həmin məhəllənin sakinləri şikayət edirlər. 

Məhəllə sakinlərinin saytımıza göndərdikləri şikayət məktubunda deyilir ki, tikinti qeyr-qanunidir, həm də ictimai əxlaq normalarına uyğun deyil. Bina məhəlləarası yolun üstündə tikilir. Məhəllə çox darısqaldır. O gündən bəri Əvəz Şükürov o məhəllənin sakinlərinin hiddətinə səbəb olub. 

Tikinti zamanı həyətdən 50-yə yaxın ağac kəsilib. Məhəllə sakinləri deyirlər ki, qanuna görə, hündür binalar ayrılmış ərazinin 40 faizində tikilməlidir. Əvəz Şükürov isə 500 kv m-lik qaraj yerini hansı yollarlasa özəlləşdirib, əvəzində 800 kv m-lik ərazidə göydələn tikir: "Normalara görə, göydələnlər hündürlükləri cəminin 60 faizi qədər aralıda tikilməlidir, yəni bu məhəllədəki 12 mərtəbəli yeni yaşayış binasından azı 30-40 metr aralıda olmalıdır. Əvəz Şükürov isə qonşu binanın pəncərələrinin 6 metrliyində ev tikir. Bu da qonşuları qəzəbləndirib. Bu qədər yaxın tikinti nəinki şəhərsalma mədəniyyətinə, heç əxlaq qaydalarına da uyğun deyil. Bu ailələr evlərinin içində necə davransınlar? Bu barədə düşünürlərmi?"

Sakinlərin sözlərinə görə, binaların bu qədər basırıq yerdə tikilməsi yalnız təhlükə yaradır: "Bina əhalinin qat-qat sıx yaşamasına səbəb olacaq. Bu dar ərazidə eyni zamanda 69 saylı uşaq bağçası, Təhsil Nazirliyinin TSİ İdarəsinin Məlumat və Resurs Mərkəzi, Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universiteti yerləşir. Maşın əlindən tərpənmək olmur. Bu bina da tikiləndən sonra bura cəhənnəm basırığına dönəcək..."

Qonşular deyirlər ki, məhəllənin uşaqları üçün əyləncə parkı yoxdur, yaşam normalarına onsuz da uyğun gəlməyən bu balaca həyətin zəbt edilməsi acınacaqlı görüntü yaradır: "Həyətdə balaların oynaması üçün bir qarış da yer qalmayıb. Ətraf infrastrukturun daha da gözəlləşməsi, yaşıllıq, maşın dayanacaqları, geniş yollar, uşaq əyləncə parkları sakinlərin rifahını təmin etsin deyə ölkə rəhbərliyi köhnə binaları söküb yeni binalar tikir, yaşıllığı artırır. Bunlar isə ağacları kəsirlər". 

Qonşu evin cəmi 6 metrliyində bina tikmək sakinləri təhlükəli vəziyyətə məruz qoymaq deməkdir. Yanğın, ya da təbii fəlakət anında faciələr daha çox ola bilər. 

Məqalədə adıçəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq./musavat.com/

MediaFax