Bakı küçələrinin sahibsiz it problemi

Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər sahibsiz heyvanların qorxusundan evdən bayıra çıxa bilmirlər.
 
Ötən həftə sahibsiz it sakinlərdən birini elə evinin qarşısında dişləyib.

"Avqustun əvvəlində qonşuluqda yaşayan qadını və onun azyaşlı övladını da it dişləmişdi. Hər ikisi xəstəxanaya yerləşdirildi. Axşam saat 7-dən sonra küçəyə çıxa bilmirik”, - deyə sakinlər saytımıza ünvanladıqları şikayətdə bildirirlər.

Aşıq Molla Cümə küçəsi, 26 ünvanında yaşayan Aygün Məmmədova deyir ki, ərazidə ticarət mərkəzləri çoxdur. Buna görə də, küçə zibil tullantıları ilə doludur. "Molla Cümə küçəsindəki mağazalar tullantıları küçədə qoyulmuş zibil qutularına tullayırlar. Zibil vaxtlı-vaxtında daşınmayanda isə tullantılar bütün küçə boyu yayılır. Elə zibilliyə görə də küçəmiz sahibsiz itlərin məskəninə çevrilib. Axşamlar evdən çıxmağa qorxuruq”.

Şikayətçilər Nərimanov Rayon İcra Hakimiyyətinə, Nərimanov bələdiyyəsinə, Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə müraciət etdiklərini, lakin hələ də tədbir görülmədiyini deyirlər.

Qeyd edək ki, son zamanlar sahibsiz heyvanlar problemə çevrilib. Azərbaycan heyvanların qorunması ilə bağlı Avropa konvensiyasına qoşulub. Bu konvensiyaya görə, sahibsiz heyvanları öldürmək olmaz. Sahibsiz heyvanların küçələrdən yığışdırılması üçün sığınacaqların tikilməsi tövsiyə edilir.

Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi küçə itlərinin əllə tutulduğunu söyləsə də, heyvanların sonrakı taleyi haqqında açıqlama vermir.

Qeyd edək ki, bu ay ərzində sahibsiz heyvan dişləməsi ilə bağlı 10-dan çox fakt qeydə alınıb. Ötən gün Saray qəsəbəsində 12 yaşlı oğlanı, Balakən rayonu Qazma kəndində isə 13 yaşlı oğlan uşağını it dişləyib./virtualaz.org/

MediaFax