Saakaşvili Gürcüstana veriləcəkmi?

Rəsmi Kiyev Gürcüstanın keçmiş prezidenti, Odessa şəhərinin sabiq meri Mixail Saakaşvilini Gürcüstana verə bilər.
 
Bu barədə "Ukrainskaya Pravda” Ukrayna Prezidenti Administrasiyasındakı mənbəyə istinadən yazıb. Məlumata görə, ölkə rəhbərliyi qanuni şəkildə onu vətəndaşlıqdan məhrum edə bilməyəcəyi üçün bu yola əl atmağı düşünür.
 
Başqa bir mənbə isə bildirib ki, M. Saakaşvili və P. Poroşenko arasında Gürcüstandakı parlament seçkilərinə kimi münasibətləri pozmamağa dair gizli razılaşma olub.
 
Daha əvvəl Mixail Saakaşvili də Pyotr Poroşenkonun onu Ukrayna vətəndaşlığından məhrum etmək istəyi barədə məlumat vermişdi.
 
X X X
 
Ukraynanın baş prokuroru Yuri Lutsenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Gürcüstana təhvil veriləcəyi barədə xəbərləri təkzib edib.
 
"112.ua" saytının verdiyi xəbərə görə, Y. Lutsenko bu xəbərlərin doğru olmadığını bildirib: "Ukrayna öz vətəndaşlarını başqa ölkələrə təhvil vermir. Nöqtə!"
 
Xatırladaq ki, M. Saakaşvili Odessa qubernatorluğundan istefa verdikdən sonra müxalifətə keçib və siyasi təşkilat yaradaraq Ukraynada hakimiyyət uğrunda mübarizəyə başlayacağını açıqlayıb. Bundan sonra Ukrayna hökumətinin onu Gürcüstana təhvil verəcəyi ilə bağlı xəbərlər yayılıb. Gürcüstanda M. Saakaşvili haqqında cinayət işi var./APA/

MediaFax