Rus polisindən azərbaycanlı gəncə təşəkkür: “Yoxsa çətin olacaqdı...”

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin əməkdaşları azyaşlı qızcığazı piyada keçidində vurub qaçan sürücünün kimliyini Nijnevartovsk şəhər sakini, azərbaycanlı Nurlan Hüseynlinin köməkliyi ilə öyrənə biliblər.
 
"Megatyumen.ru” portalı xəbər verir ki, Dövlət Yol Təhlükəsizliyinin əməkdaşları buna görə N.Hüseynliyə təşəkkür ediblər.

Hadisə sentyabrın 12-də şəhərin Samotlor səmtindəki Pobeda küçəsində baş verib. Tənzimlənməyən piyada keçidində 11 yaşlı qızcığazı maşınla vuran sürücü dərhal oradan uzaqlaşıb. Hadisə nəticəsində azyaşlı məktəbli qız ağır dərəcəli bədən xəsarətləri alıb.



N.Hüseynlinin sözlərinə görə, o, baş vermiş qəzanın canlı şahidi olub. Nurlan özünü itirmədən hadisəni törədən sürücünün avtomobilinin dövlət nömrə nişanını yazıb. Sonra bu barədə Dövlət Yol Hərəkət Təhlükəsizliyi Müfəttişliyinə məlumat verib. Məhz buna görə, qısa müddət ərzində sürücünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. İndi o, törətdiyi əmələ görə məsuliyyət daşıyacaq.
 


"Vətəndaş mövqeyinizə görə sizə təşəkkür edirik. Sizin köməyiniz olmadan bu şəxsin kimliyini müəyyənləşdirmək çətin olacaqdı”, - Dövlət Yol Müfəttişliyinin əməkdaşı Nurlana təşəkkür edib. N.Hüseynliyə təşəkkür məktubu da təqdim olunub.

Qəzanın canlı şahidi olan Nurlan hadisəni şərh edərkən belə deyib: "Uşağa yazığım gəldi, düşündüm ki, qoy günahkarı tapsınlar”./virtualaz.org/

MediaFax