Rektorun oğlu kralın qəbulunda

Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov sentyabrın 8-də İspaniya Kralı VI Felipeyə etimadnaməsini təqdim etmək üçün Kral Sarayında bu səbəblə təşkil edilmiş xüsusi mərasimdə iştirak edib.
 
Xüsusi mərasimdən sonra səfir A.Məhərrəmov etimadnaməsini təqdim edib.

Etimadnamə təqdim edildikdən sonra Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən, artıq səfir qismində təyin olunması münasibətilə təbrik edib. Daha sonra səfir A.Məhərrəmov Kral VI Felipenin müşayiəti ilə səfirlərlə görüş üçün ayrılmış xüsusi otağa dəvət olunub.

Görüş zamanı Kral VI Felipe səfir A.Məhərrəmovu bir daha salamlayaraq, ona gələcək fəaliyyətində uğurlar diləyib. Kral VI Felipe İspaniyanın Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və bu baxımdan Azərbaycanda gedən inkişaf tempini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini yaxından izlədiyini qeyd edib.

Öz növbəsində səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Kral VI Felipeyə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Kral VI Felipeyə və bütövlükdə Kral ailəsinə çatdıran səfir A.Məhərrəmov Prezidentin adından Kral VI Felipeni ona uyğun bir zamanda Azərbaycana səfər etməyə dəvət edib.

Kral VI Felipe səmimi salamlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək, onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Kral VI Felipe ölkəsində hazırda davam edən siyasi böhranla bağlı məlumat verərək, bu il oktyabr ayının 31-dək siyasi partiyalar arasında hər hansı bir razılıq əldə olunmasa, cari ilin dekabr ayında növbədənkənar üçüncü seçkilərin keçiriləcəyini və bu səbəbdən cari ildə öz gündəliyinə hər hansı bir xarici səfəri daxil edə bilməyəcəyini təəssüflə qeyd edib. Bununla belə, ölkəmizə böyük marağı olduğuna görə yaxın gələcəkdə Azərbaycana məmnuniyyətlə səfər etmək arzusunda olduğunu xüsusilə vurğulayıb.

Görüşdə, həmçinin İspaniyanın xarici işlər və əməkdaşlıq naziri vəzifəsini icra edən Xose Manuel Qarsia-Marqayo da iştirak edib.
 
Səfir Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur./modern.az/

MediaFax