“Referendumdan sonra ciddi islahatlar gözlənilir” - Video

"Müxalifətin vəzifəsi mövcud hakimiyyətə opponentlik etməkdir".
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

"Bunun da müxtəlif formaları var. Belə ki, bunu sözlə ifadə etmək, mitinqlərə tərəfdarlarını yığıb orada insanların qarşısında mitinq şəklində ifadə etmək olur. Eləcə də mətbuatda açıqlama formasında da fikirləri ifadə etmək olar. Referendumu və ya seçki aksiyasını öz tərəfdarları ilə birlikdə boykot etmək şəklində də ola bilər. Yəni, mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı, effektli həyata keçirilməkdir. Eyni zamanda, Azərbaycan xalqının növbəti etimadını qazanmaq üçün xalqın maraqlarını ifadə etməkdir. Müxalifətin isə funksiyası yürüdülən siyasətə opponentlik etməkdir. Arzu edirik ki, bu opponentlik də hər zaman sivil formada, eləcə də qanunlar çərçivəsində həyata keçsin. Bəzən təəssüf ki, müxalifətçilərin də xarakterləri fərqli olur. Onların da konstruktivi və qeyri-konstruktivi olur. Hər müxalifət və partiya da öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir. Müxalifət tənqid edir və etməlidir. Çünki bu, onun funksiyasıdır. Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Bu referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər onlar bizi dəstəkləyəcəklərsə deməli Prezident İlham Əliyevin təşəbbüsləri yaşamağa layiqdir və Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox dəstəkləməyəcəklərsə, o zaman müxalifət dedikləri daha doğru və haqlıdır".
 
Ə.Həsənov bildirib ki, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev 2016-cı il ölkədə islahatlar ili elan edilib: "İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır".

Ə.Həsənov qeyd edib ki, referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır: "Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post-neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firəvan həyatını təmin edək". 
 
Avropa Şurasının Venesiya Komissiyasının rəyinə münasibət bildirən Ə.Həsənov deyib ki, bu tələsik açıqlaması ilə bağlı Azərbaycan hökuməti öz münasibətini bildirib. O, qeyd edib ki, bu, sifarişli, "ekspert" rəyi idi. Prezidentin köməkçisinin sözlərinə görə, bu tipli qanun layihələrinə, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət vermək üçün Venesiya Komissiyasına bir neçə ay vaxt lazımdır: "Azərbaycan Avropa Şurasına üzv olandan Komissiya ilə bizim səmərəli əməkdaşlığımız olub. Bu gün də həmin əməkdaşlıq davam edir. Əgər Venesiya Komissiyası müraciət etsəydi ki, Azərbaycan tərəfi bu layihəni ekspertiza üçün onlara göndərsin, biz onu göndərəcəkdik. Amma müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan hər hansı bir sifarişlə komissiya rəyini açıqladı. Biz də buna müvafiq qiymətimizi verdik. Referendum təşəbbüsü Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib. Təşəbbüs ölkə prezidentindən gəlib. Konstitusiya Məhkəməsi onun konstitusiyaya uyğunluğunu təsdiq edib. Layihə indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb. Azərbaycan xalqının iradəsi bizim üçün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizdən üstdə durur. Ona görə də biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edə bilək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edə bilək. O rəylər və açıqlamalar ki, dırnaqarası beynəlxalq hüquq təşkilatları, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları sifarişlə Azərbaycana yanaşır, biz də onlara adekvat münasibət bəsləyirik. Azərbaycan dövləti o təşkilatlarla yalnız Azərbaycan xalqının maraqları və iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Xalq buna "hə" deyəcəksə prezidentin təşəbbüsü həyata keçəcək. "Yox" deyəcəksə deməli bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq".
 
 

MediaFax