“Qızım və bacım məni diri-diri torpağa basdırdılar” - Faciəvi ailə hekayəsi

Ötən həftə sosial şəbəkələrdə 3 aydan artıqdır "Azadlıq” metrosunun çıxışındakı parkda yaşayan ailə barədə məlumat yayıldı.
 
Biz də həmin ailənin niyə parkda yaşadığını öyrənmək üçün "Azadlıq” metrosunun çıxışında yerləşən parka yollandıq. Deyilən ünvana çatar-çatmaz ətrafa qışqırıq səsi yayıldı. Sən demə, burada yaşayan xəstə Adil Həsənov özünü daşın üstündən aşağı atmaq istəyirmiş. Həyat yoldaşı güclə onu sakitləşdirdi. Sonra ağacların altında oturub, başına gələnləri bizimlə bölüşməyə başladı...

"Onu ölümdən xilas edə bilmədim”

Adil Həsənov Binəqədidə anadan olub. Uzun illər ev alqı-satqısı ilə məşğul olub. Müsahibimin sözlərinə görə, birinci həyat yoldaşı xəstə olduğu üçün əlində olan pulları onun müalicəsinə sərf edib: "Bütün pullarımı onun yaşamasına xərclədim. Avtomobilimi də satdım amma yenə müalicəyə çox pul gedirdi. Əlimdən gələn hər şeyi etdim, amma onu ölümdən xilas edə bilmədim. Ölümündən sonra qəbir daşı sifariş vermişdik, onun pulunu ödəyə bilmədiyim üçün evimi satdım”

6 ildir kirayədə qalan Adil Həsənov deyir ki, 4 ay bundan əvvəl bir qadınla ailə həyatı qurub: "2010-cu ildən kirayədə qalıram. May ayının kirayə pulunu ödəyə bilmədiyimiz üçün ev yiyəsi bizi evdən çıxartdı. Qızım və bacım mənə kömək etmədilər və həmin gündən bu parkda qalıram. Artıq uzandığım yerdən qalxıb başqa bir yerə də, gedə bilmirəm. Qızım və bacım məni diri-diri bu torpağa basdırdılar (ağlayır)”.

Nə ev tikilir, nə də pulu geri qaytarılır...

Söhbətimiz zamanı həmsöhbətimin halı pisləşir. Daha sonra özünü yaxşı hiss etdiyini deyib, maklerin onu aldatmasını danışır. Onun sözlərinə görə, ev tikməsi üçün dostu ilə birlikdə maklerə 8 min manat pul verir: "Dostumla birlikdə maklerə pulu verdik. Dedi sənə iki otaqlı ev tikib verəcəm. Amma pulu alandan sonra nə ev tikdi, nə də pulumu geri qaytardı. Maklerdən 4-cü Polis Bölməsinə şikayət etdim. İndi, makler deyir ki, pulu yaxın zamanlarda qaytaracaq. Pulumu ala bilsəm, ən azından kirayə qalar, müalicə olunardım”.

Adil Həsənovun 4 ay bundan əvvəl Məhəbbət adlı qadınla ailə həyatı qurub. Məhəbbət də, Adillə elə "Azadlıq” metrosunun üstündəki bu parkda tanış olublar. Məhəbbət deyir ki, uzun illər Yasamalda yaşayıb. Ancaq anası öləndən sonra ögey anası və atası onu evin qeydiyyatından çıxarırlar: "Mənə sənəd imzalatdırdılar, daha sonra bildim ki, yaşadığım evdən qeydiyyatdan çıxarılmışam. Daha sonra ailə həyatı qurdum, övladım olmadığı üçün həyat yoldaşımla boşandıq. Bütün bunlarla həyatımın uğursuzluğu bitmədi. Bir gün ayağım ağrıdı və həkimə getdim. Həkimlər yoxladıqdan sonra bildirdilər ki, ayaq barmağı kəsilməlidir…

Xəstəxanadan çıxıb qohum evinə getdim məni qəbul etmədilər. Elə həmin gündən bu parkda yaşayırdım.

Adillə burada tanış olub, evlənməyə qərar verdik. Bir ay kirayədə yaşadıq, pulu ödəyə bilmədikdə isə bizi ordan çıxardılar”.

Məhəbbət deyir ki, onlar evlənməyə qərar verəndə Adilin qohumları buna razılıq verməyiblər: "Biz evlənsək də, Adilin nə bacısı, nə də, qızı buna razılıq vermədilər. Amma indi Adilə mən baxıram yeməyini verirəm, paltarlarını yuyuram. Adilin bacısına bir neçə gün əvvəl zəng etdim, amma mənimlə kobud danışdı. Onlardan xahişim odur ki, heç olmasa, Adilə baş çəksinlər, həkimə aparsınlar”.

Onlar ümid edirlər ki, makler pullarını qaytarsa, öz evləri olacaq və orada yaşayacaqlar./politika.az/





MediaFax