Qərb Ərdoğanı niyə dəstəkləmir? - Səbəb

Ekspert: "Ərdoğan həbs olunsaydı, yaxud öldürülsəydi, hakimiyyəti ələ keçirənlər Qərblə sıx münasibətlər quracaqdılar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyulda hərbi çevrilişə cəhd olan zaman dünya dövlətlərinin rəhbərlərinin dərhal demokratiyaya dəstək nümayiş etdirməməsindən, demokratiyaya dəstək üçün anında ona telefon açmamalarından, Türkiyəyə gəlməmələrindən gileylənib. 

Türkiyənin ATV telekanalına müsahibəsində Ərdoğan deyib ki, 15 iyul gecəsi onunla ilk əlaqə saxlayan Qətər əmiri olub. Putin, Obama və Avropa ölkələrinin bəzi liderləri ikinci gün zəng edib. Bir çox dövlət başçıları isə üç gün sonra, iyul ayının 18-də vəziyyət tam aydınlaşandan sonra zəng edib. Prezidentin çıxışından belə məlum olub ki, o, hətta tək zəng yox, liderlərin özlərinin Türkiyəyə gəlişini gözləyirmiş. 

Ərdoğanın narazılığının xeyli dərəcədə haqlı olduğunu deyən "Atlas” Araşdırmalar Mərkəzini rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, həqiqətən də Avropa dövlətlərinin rəhbərləri Türkiyədəki hərbi çevriliş cəhdinə birmənalı münasibət ifadə etməyiblər: "Bu baxımdan, Ərdoğanın narazılığını anlamaq olar. Türkiyə prezidentini əsas qıcıqlandıran çevriliş cəhdinə, Gülən hərəkatına nümayiş etdirilən isti münasibətdir. Avropa ölkələrində, ABŞ-da Gülən məktəblərinə toxunulmur, onlara şərait yaradılır. Ankara nə qədər tələb etsə də Fətullah Güləni geri vermir. Əksinə, ABŞ generalı çıxıb deyir ki, bizimlə təmasda olan bütün hərbçiləri həbs ediblər. Bu, əslində dolayısı ilə həmin çevrilişə cəhd edən generallara dəstək mənası daşıyır. Hərbi çevriliş cəhdinə Qərbdən birmənalı münasibət yoxdur. Buna da Ankaranın narazılığı var”.



Ekspertin fikrincə, Qərbin və bir sıra başqa dövlətlərin belə davranışının pərdəarxası ondan ibarətdir ki, Qərb Ərdoğanın hakimiyyətdən getməsində maraqlıdır: "Misirdə general Sisi hərbi çevriliş etdi, çoxsaylı insanlar qətl edildi, prezident Məhəmməd Mursini həbs elədi və şəxsən özü prezident oldu. Qərb dövlətləri Sisi hakimiyyəti ilə normal münasibətlər qurdu. Türkiyədə də hərbi çevriliş baş tutsaydı və Ərdoğan həbs olunsaydı, yaxud öldürülsəydi hərbi çevrilişi həyata keçirib hakimiyyəti ələ keçirənlər Qərblə sıx münasibətlər quracaqdılar, Rusiyadan isə uzaqlaşma xətti götürüləcəkdi. Çünki o qüvvələr əsasən Qərbə bağlı qüvvələrdir. İndi Ərdoğan ABŞ-la münasibətləri soyudur, Rusiya ilə isti münasibətlər qurur. Ərdoğanın bir neçə gün sonra Rusiyaya səfəri planlaşdırılır. Ona görə də hərbi çevriliş cəhdinə Qərb dövlətlərindən birmənalı münasibət yoxdur. Qərb dövlətləri hadisələrə elə yanaşır, sanki hərbi çevrilişin baş verməsində maraqlı idilər. Barak Obama hərbi forma geyinmiş cinayətkarların insanları qətlə yetirməsinə, parlament binasını bombalamasına münasibət bildirmirsə, bu, istər-istəməz Türkiyə rəhbərliyini qıcıqlandırır. Artıq Türkiyədə Ərdoğana qatı müxalif olan partiyalar da hərbi çevriliş cəhdini pisləyir, bu işin arxasında Gülənin dayandığını qeyd edir, Türkiyə cəmiyyətində bu hadisəyə bir nifrət formalaşıb. Ancaq ABŞ bunu da nəzərə almır. Amerika əslində seçim qarşısındadır. Güləni verməsə, Türkiyəni itirə bilər. Çünki Türkiyə sürətlə Rusiyaya yaxınlaşmağa başlayıb”./musavat.com/

MediaFax