“OKA”nı aşıran Qarabağ əlili öldü - qardaşı və başqa iki şəxs ağır yaralandı

Ağdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
Hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.
 
Ağdaşın Sadavat kənd sakini, Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Umarov Tərlan Eldar oğlu idarə etdiyi 03-BE-348 dövlət nömrə nişanlı, "OKA” markalı minik avtomobili yağışlı havada yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq çökəkliyə aşıb.
 
T. Umarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Avtomobildəki sərnişinlər - sürücünün qardaşı, 1977-ci il təvəllüdlü Umarov Eldəniz Eldar oğlu, Xosrov kənd sakinləri, 1990-cı il təvəllüdlü Umarov Şəmayıl Sərdar oğlu, 1983-cü il təvəllüdlü Nəbiyev Rəhman Elmar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./APA/

MediaFax