Qarabağ döyüşçüsü niyə veteran statusu ala bilmir? - Şikayət

Sumqayıt sakini, İrza Məmiş oğlu Nəcəfov 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi halda Qarabağ veteranı statusunu ala bilməmisəndən şikayətçidir.

İ.Nəcəfov yazır ki, Qubadlıda döyüşdüyü halda 25 ildir Qarabağ veteranı statusunu ala bilmir: "1992-ci ildə ”Veteranlar haqqında" Qanun qəbul edilib. Bu qanuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Ancaq mən Qarabağda vuruşduğum halda və bu haqda o zaman mənim hərbi biletimdə, digər sənədlərdə rəsmən qeyd olunsa da, bunu sübut edə bilmirəm".

İ.Nəcəfov yazır ki, onunla vuruşanların bir çoxuna heç bir problem olmadan Qarabağ veteranı statusu verilib: "Silahları, texnikanı hamısını qayıtdıqdan sonra qərargaha qaytarmışıq. Xidmət müddətim qanuni və rəsmi şəkildə, dövlət səviyyəsində olub və bu mənə verilən sənədlərdə də dediyim kimi qeyd olunub. Mən müharibəyə getməmişdən öncə ”obşepit"də işləyirdim, mənə işdən müdir dedi ki, sən cəbhəyə aşbaz kimi gedəcəksən. Mən də razı olmadım, dedim döyüşçü kimi gedəcəm. Hörmətli nazır Zakir Həsənov! Xahiş edirəm mənim Qarabağda döyüşməyim öz təsdiqini tapması üçün müvafiq orqanlara göstəriş verəsiniz ki, bu məsələni obyektiv araşdırsınlar və mənim haqqım bərpa olunsun. Hətta bu haqda məlumat Müdafiə Nazirliyinin arxivində hansısa səbəbdən olmasa belə bu qədər sənəd ola-ola bunu müəyyən etmək güman edirəm elə də çətin məsələ deyil. Mənə veteran kitabçasından və bunun üçün verilən müavinətdən çox məsələnin mənəvi tərəfi çox pis təsir edir. Mən Qarabağda vuruşduğum halda mənə deyilir ki, orada sən adda adam olmayıb".

MediaFax