Qarabağ atlarının nəsli kəsilir?

Azərbaycan özünün milli sərvəti olan Qarabağ atları ilə də dünyada məşhurdur.

Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdı.

Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb.

Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

Vaxtil şöhrəti eldən-elə yayılan Qarabağ atları ilə bağlı bugünkü vəziyyət necədir?

Kənd təsərrüfatı Nazirliyinin sabiq şöbə müdiri, heyvandarlıq üzrə mütəxəssis Çingiz Fərəcov məsələ ilə bağlı saytımıza danışıb. O,  hazırda Azərbaycada saxlanılan Qarabağ atlarının sayını deyib:

"Qarabağ atları seleksiya nəticəsində yaradılmış dağ, dağətəyi, minik və yük atlarıdır. O atlar Azərbaycanın Qarabağda bölgəsində yaradıldığına görə oranın adını daşıyır. Qarabağ atları hündürlüyü və bədən quruluşu çox da iri olmayan atlardır. Azərbaycanda hazırda 28-30 min başa qədər Qarabağın cins atları saxlanılır. Qarabağ atları indi əsasən Ağdam, Bərdə, Ağcabədi, Beyləqan Tərtər rayonlarında saxlanılır”.
Mütəxəssis deyir ki, Qarabağ atları Qərbi Azərbaycan ərazisində də olub.

"Ermənilər Qarabağ atını da oğurlamaq istəyirdilər...”

Ç.Fərəcovun sözlərinə görə, ermənilər vaxtilə Qarabağ atlarına da sahib çıxmaq istəyirdilər:
"Vaxtilə Sisyan rayonu Qarabağın tərkibində olduğuna görə orada da Qarabağ atları var idi. Bu atların Ermənistanla heç bir əlaqəsi yoxdur. O zaman ermənilər Qarabağ atları ilə bağlı xüsusi markalar da dərc etdirmişdilər. Bu markalarda Qarabağ atlarının Ermənistana məxsus olduğu öz əksini tapmışdı. Sonra da isə biz bunun tamamilə uydurma və yalan olduğunu sübut etdik”.

"Xruşşov 2-ci Yelizavetaya "Zaman”ı bağışlayıb...”
 
Çingiz Fərəcov Qarabağ xanlığında olmuş atlardan danışaraq deyib ki, bu atlar Londonda qızıl medala layiq görülüb:
"Hələ 19-cu əsrdə Qarabağ xanı İbrahimxəlil xanın böyük at ilxıları olub. Xan qızı Natəvanın özünün isə Şuşada 1500 baş Qarabağ cinsindən olan at ilxısı olub.

Qarabağ atlarının ən yaxşı nəsli "Əlyetməz” ləqəbi ilə tanınıb. Bu atlar Londonda keçirilmiş şərgidə qızıl medal alıb. Bu atların rəngləri çox gözəl olduğundan sərgisinin sabahı günü Londonda qadınları öz saçlarını bu atların rəngində boyayıblar.

1956-cı ildə Böyük Britaniya kraliçası 2-ci Yelizaveta Moskvada olarkən SSRİ rəhbəri Xruşşov ona "Zaman” ləqəbli Qarabağ atı hədiyyə edib”.
 
"Azərbaycanda at biznesi ölüb...”

Eskpert hesab edir ki, bu gün Ağdamdakı Qarabağ Atçılıq Zavodunda bu atların yetişdirilməsi işi o qədər də keyfiyyətlə aparılmır:

"Bu gün Qarabağ atlarının qorunası və cinsilərin təkmilləşdirməsi üçün Ağdam at zavodu fəaliyyət göstərir. Ağdam at zavodu 1947-ci ildə yaradılıb. Hazırda orada at cinslərinin təkmilləşdirilməsi və damazlıq  növlərin artırılması həyata keçirilir.

Qarabağ atlarının cinsi əlamətləri əsasən ayaqlarında sanki ağ corab kimi tüklərin olması, alnı ağ qaşqa və qalan yerlənin isə al qırmızı rəngdə olmasıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda at biznesi, alq-satqısı ölüb, yox dərəcəsindədir. Çünki at alan yoxdur”.

"Prezident İlham Əliyevə Qarabağ atı hədiyyə edilib”
 
Çingiz Fərəcov deyir ki, hazırda Şəkidə Qarabağ atlarını yetişdirən fərdi şəxs də var:

"Lakin bizdə Qarabağın cins atlarını yetişdirən xüsusi adamlar da var. Bunlardan biri də Şəkidə hazırda bu işlə məşğul olan Yaşar Quluzadədir. O, hazırda Şəkidə təxminən 70 başa qədər gözəl Qarabağ atları bəsləyir.

Yaşar Quluzadə hətta bu atladan birini də prezident İlham Əliyevə hədiyyə edib.

Almaniyanın Frankfurt şəhərində milliyətcə alman və ixtisasca müəllimə olan Şolyan adlı bir qadın "Qarabağ Atlarını Sevənlər Cəmiyyəti” yaradıb. O xanım vaxtilə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı sərgisində Qarabağ atlarını bəyənərək alıb, Almaniyaya aparıb.

Bu gün həmin o alman qadın Frankfurtda Qarabağ atlarının çoxaldılması ilə məşğul olur”.
 
"Qarabağ atları ərəb atları ilə cütləşdirilməlidir, yoxsa onların nəsli kəsiləcək”
 
Mütəxəssis onu da vurğulayıb ki, Qarabağ atlarının sayının çoxaldılması üçün ciddi addımlat atılmalıdır.

O bildirib ki, Qarabağ atlarını hansı atlarla gəldi çütləşdirirlər. Amma belə olmamalıdır:

"Qarabağ atlarının sayının çoxaldılması məqsədi ilə ölkə prezidentinin müvafiq sərəncamı əsasında Ağdam atçılıq zavoduna 2 milyon manat pul ayrılıb. O atlar Azərbaycanın milli sərvətidir, onları mütləq qoruyub saxlamalı və sayını çoxaltmalıyıq.

Bu gün getdikcə Qarabağ atlarının nəsli tükənməkdədir. Çünki damazlıq üçün yüksək səviyyəli  cinslər əldə olunmur.

Təəssüflər olsun ki, hələ də Qarabağ atlarını başqa at növləri ilə çütləşdirirlər və nəticədə onlardan da doğulan madyanlarda Qarabağ atlarının əlamətləri olmur”.

Çingiz Fərəcov Qarabağ atlarının keyfiyyətini artırmaq üçün ərəb atları ilə cütləşdirməyi təklif edir:

"Qarabağ atları yarışlar üçün deyil. Bu atlar minik, dağ və dağətəyi zonalarda istifadə olunma üçündür. Ona görə də Qarabağ atlarını çütləşdirmək və keyfiyyətli damazlıq balalar əldə etmək üçün Ağdamdakı Qarabağ At Zavoduna ərəb atları gətirmək lazımdır. Əgər Qarabağ atları ərəb atları işlə çütləşdirilsə, ərəb atlarını ən müsbət və lazımlı xüsusiyyətləri Qarabağ atlarında da olar”.

Ekspert həyəcan təbili çalaraq bildirib ki, əgər Qarabağ atları təmiz şəkildə çütləşdirilməzsə,  onların nəsli birdəfəlik kəsilə bilər:

"Amma çox təəssüf ki, bu istiqamətdə bu günə qədər bir dənə də olsun addım atılmır, iş görülmür.

Çünki bu sahədə olan mütəxəssislər hazırda çox az qalıb. Ağdamdakı Qarabağ At Zavodunun direktoru da çoxdandır ki, köhnə üsulla işləyir. İlk növbədə o öz iş üslubunu dəyişməlidir.

Qarabağ atlarının təmizlikdə yetişdirilməsi və saylarının çoxaldılması üçün ciddi işlər görülməlidir. Əgər addımlar atılmasa, Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının birdəfəlik nəsli birdəfəlik tükənə bilər”./modern.az/

MediaFax