“Qara bazar”ın daha bir iştirakçısı tutuldu - Foto

Bakıda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir nəfər tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bəzi şəxslərin müxtəlif ticarət mərkəzlərində gizli şəkildə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaları barədə daxili işlər orqanlarına əməliyyat məlumatları daxil olur.
 
Belə ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında "Sədərək” Ticarət Mərkəzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayon sakini Bəxtiyar Mahmudov 5 min ABŞ dollarını 9225 manata satan zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən əlavə olaraq 12 min 360 ABŞ dolları və 49 min 453 manat məbləğində pul vəsaiti aşkar olunub.

İlkin dindirmə zamanı saxlanılan şəxs qeyd edilən ticarət mərkəzində qanunsuz olaraq səyyar şəkildə valyuta mübadiləsi ilə məşğul olduğunu bildirib.
 
Qeyd edilən faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
 
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
 
Qeyri-qanuni valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur.
 


MediaFax