Putin özünü sammitə çatdırdı - Yenilənib

13:52 
 
Rusiya paytaxtında hava şəraitinin uçuşa əlverişsiz olması səbəbindən prezident Vladimir Putinin təyyarəsi havaya qalxa bilməyib.

Bu səbəbdən Qırğızıstanda MDB sammitinin başlaması gecikib. Məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

MDB sammitinin bu gün yerli vaxtla saat 16-da başlaması planlaşdırılmışdı. Sammitdə iştirak üçün Qazaxıstan, Belarus, Ermənistan, Azərbaycan və Tacikistan prezidentləri artıq Bişkekə gediblər. Habelə Moldova baş naziri və Özbəkistan xarici işlər naziri sammitə qatılmaq üçün Bişkekdədir.

Lakin Putinin gecikməsi səbəbindən sammit axşam saat 18-ə təxirə salınıb. "Sammit Bişkek vaxtı ilə saat 18.00-a təyin olunur. Bu, Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin gecikməsi ilə bağlıdır. Onlarda hazırda uçuşa əlverişsiz hava şəraiti var”-mətbuat xidməti bildirib.

Lakin Moskvada hava şəraitinin pisləşməsi və Putinin təyyarəsinin qalxa bilməməsi haqda Rusiya mənbələrində heç nə deyilmir.
 
-------------
16:17 
 
Az əvvəl Rusiya prezidenti Vladimir Putinin təyyarəsi MDB sammitinin keçirildiyi Bişkekin hava limanına enib.
 
Rusiya prezidentinin MDB sammiti çərçivəsində həm genişləndirilmiş görüşdə, həm dar çərçivədə müzakirələrdə iştirak edəcəyi bildirilir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sabah sentyabrın 17-də Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəcək və 60 illik yubileyi münasibətilə onu təbrik edəcək. Uşakov Putinin Qırğızıstan prezidentinə hədiyyə də hazırladığını deyib.

Jurnalistlər bu hədiyyənin nədən ibarət olduğu haqda Bişkekdə xarici işlər naziri Sergey Lavrovdan soruşublar. "Bu, başqasının sirridir və o qədər şəxsi xarakter daşıyır ki, mən heç bu mövzuya girməyi məsləhət görməzdim”-Lavrov deyib.

"Hədiyyə dövlət səviyyəsində müzakirə olunubmu?”-jurnalistlər israr ediblər.

"Mən təkrar edirəm, dövlət başçılarının təqdim etdiyi hədiyyələr də adi vətəndaşların hədiyyələri qədər intim xarakter daşıyır. Bu mənim sirrim deyil, mənim sürprizim deyil, istənilən hədiyyə sürprizdir. Gəlin bunu müzakirə etməyək” - Lavrov bildirib./virtualaz.org/

MediaFax