Pambığın alış qiymətini qaldırmalıyıq - İlham Əliyev

"Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir".
 
Bunu prezident İlham Əliyev bu gün Sabirabadda pambıqçılığın inkişafına dair respublika müşavirəsində deyib.
 
Ölkə başçısı bildirib ki, son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb: "Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, - Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər".
 
Prezident deyib ki, eyni zamanda, pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görülməlidir.

MediaFax