Çovdarovun qurbanının ölümü niyə gizlədilib?

Məlum olduğu kimi, adı sabiq MTN generalı Akif Çovdarovun zərərçəkənləri siyahısında olan Azər Quliyevin ötən ayın 20-də saxlanıldığı müəssisədə vəfat etməsi ilə bağlı informasiya yalnız dünən ictimaiyyətə elan edildi.

Maraqlıdır, A.Çovdarovun zərərçəkənlərindən biri olan A.Quliyevin ölümü ilə bağlı xəbərin Ədliyyə Nazirliyi tərəfindən təxminən bir ay sonra elan edilməsi nə dərəcədə məntiqlidir? Bu xəbərin bir ay yubadılandan sonra, A.Çovdarovun məhkəmə prosesinə start verildiyi bir vaxtda elan edilməsi təsadüfidirmi? 

Məlum informasiyanın məhz məhkəmə prosesinin getdiyi bir zamanda elan edilməsi digər zərərçəkənləri qorxuda, onları məhkəmədə ifadə verməkdən çəkindirə bilərmi?

Saytımıza açıqlama verən hüquqşünas Namizəd Səfərov bu və bu kimi xeyli sualın yetkili şəxslər tərəfindən cavablandırılmasının vacib olduğunu vurğuladı:



"Qoyduğunuz suallar kifayət qədər məntiqidir. Bu suallaırn hər biri əlaqədar orqanlardan cavab tələb edir. Lakin təəssüflər olsun ki, bizdə dövlət orqanları məsuliyyətsizlik orbitindədirlər. Vəfat erdən şəxsin A.Çovdarovun işində zərərçəkən olub-olmamasından asılı olmayaraq, Ədliyyə Nazirliyi - Penitensiar Xidmət borcludur ki, həbsxana müəssisələrində baş verən ölüm halları ilə bağlı ictimaiyyətə məlumat versin. Əgər hər hansı bir məhkum zorakılığın qurbanı olubsa, yaxud xəstəlikdən dünyasını dəyişibsə, bu barədə ictimaiyyət dərhal məlumatlandırılmalıdır. 

Vəzifəli şəxslər öz işinə, öz vəzifəsinə məsuliyyətlə yanaşmalı, bu vəzifəni layiqincə yerinə yetirməlidir. Əgər hər hansı vəzifəli şəxs öz vəzifəsini lazımınca icra etmirsə, o, cinayət məsuliyyəti daşıyır. Əgər kimsə səhlənkarlıq göstərirsə, o zaman səhlənkarlığa görə məsuliyyətə cəlb edilməlidir. Lakin təəssüf ki, bu gün biz hər hansı vəzifəli şəxsin bu konteksdə məsuliyyətə cəlb edilməsinə şahid ola bilmirik”./moderator.az/

MediaFax