Növbəti devalvasiya gözləntisi: “1 dollar 2 manat ola bilər”

Növbəti devalvasiya üçün psixoloji hazırlıq aparılır

Dolların bahalaşması banklarda valyutanın 300-500 dollar arası limitlə satılmasına gətirib çıxarıb.

Banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edirlər. Mərkəzi Bank isə kommersiya banklarının valyuta tələblərini hərraclar vasitəsilə ödəyə bilmədikdə, əlavə olaraq banklararası valyuta bazarına müraciət etməyi tövsiyyə edir.

Hazırda bəzi banklar ümumiyyətlə valyuta satışını dayandırıblar. Bir qism isə limiti 100 dollara qədər azaldıb.

Dollar satışını dayandıran və ya limiti minimallaşdıran banklar aşağıdakılardır:

"Bank Respublika” – 100 dollardan yüksək valyutanın alış və satışını həyata keçirmir.
"Bank Silk Vey” – kartlar üzrə dollar əməliyyatları davam etsə də, valyuta alış-satışını tamamilə dayandırıb.
"Bank Standard” – nağd dollar satışını dayandırıb.
"Bank VTB (Azərbaycan)” – nağd dollar satışını dayandırıb.
"Caspian Development Bank” – dollar satışını 200 dollar limitlə davam etdirir.
"Expressbank” – valyutanın satışına limit tətbiq edilməsə də, müştərinin nə qədər həcmdə dollar alması kassadakı məbləğdən asılıdır. Yəni kassada 1000 dollar qalıbsa,  müştəri 1000 dollar alacaq, 10 dollar qalıbsa 10 dollar.
"Kapital Bank” – istənilən həcmdə dollar alışını aparsa da, dollar satışına 100 dollar limit tətbiq edir.
"Muğanbank” – dollar satışını dayandırıb.
"Accessbank” – konvertasiyanı 300 dollara qədər limitlə aparır.
"AFB Bank” – dollar satışını dayandırıb.
"AGBank” – 100 dollardan yüksək məbləğdə valyuta satmır.
"Amrahbank” – dollar satışımaksimum 200 dollartəşkil edir.
"Atabank” – bu bankda da dolların satışı kassadakı balansdan asılıdır. Limit isə 300 dollardır.
"Bank of Baku” – bu bankdan 300 dollar limitlə şəxsiyyət vəsiqəsi təqdim etməklə dollar almaq mümkündür.
"Turanbank” – 100 dollar limitlə dollar satır.
"PAŞA Bank” – ancaq bankın müştərilərinə dollar satır. Bu zaman limit tətbiq etmir.
Bankların dollar satışına limit tətbiq etməsi "qara bazar”ın aktivləşməsinə səbəb olub.

Hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. "Qara bazar”da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir.
Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir.

"Azadlıq”a daxil olan məlumata görə isə, devalvasiyanı referendumdan sonraya saxlamaq istəyən hökumət artıq qərarını dəyişmək məcburiyyətində qalıb. Iddia olunur ki, yaxın günlərdə növbəti devalvasiya baş verəcək və 1 dollar 2 manatı ötəcək. "Qara bazar”ın aktivləşməsi və dolların bazarda rəsmi məzənnəyə nisbətən baha satılması cəmiyyəti növbəti devalvasiyaya psixoloji cəhətdən hazırlamaq məqsədi daşıyır.

Istiqlal.az saytı da buna bənzər məlumat yayıb. Sayt yazır ki, hökumət üzən məzənnədən imtina edib, yenidən kəskin devalvasiyaya hazırlaşır. Hətta devalvasiyanın tarixi də bəllidir – 3 sentyabr. Sayt məlumatı bank sektorundakı mənbələrə istinadən yayıb.

"Banklar devalvasiyaya hazırlıq məqsədi ilə rəsmi dollar satışını minimuma endirib xarici valyutanı qara bazara çıxarıb. Qara bazar bankların tam nəzarətindədir”, – deyə mənbə sayta bildirib.

Hazırda 1 dollar 1.62 manatdır. 25 faizlik devalvasiya olacaqsa, dolların məzənnəsi 2,02 manat olacaq.

Hazırda yanvarla müqayisədə ölkəyə idxal da artmaqdadır. Dövlət Gömrük Komitəsinin xəbərinə görə, yanvar-iyulda ixrac illik 49,42 faiz azalaraq 2 349 778,42 min dollar, idxal 14,2% azalaraq 1 336 857,86 min dollar olub. Mənfi saldo 1 milyard dollara yaxındır. Bu isə kəskin devalvasiyanı qaçılmaz edir.
Sentyabrda manatı yeni situasiya gözləyir
 
Manatın məzənnəsi ilə bağlı başqa bir maraqlı fikir iqtisadçı Samir Əliyevdən gəlib. Onun sözlərinə görə, son günlər devalvasiya narahatçılığı yenə artıb: "Gün ərzində bununla bağlı narahatdolu məktublar alırıq. Insanları milli valyutanın taleyi maraqlandırır. Bu da təbiidir. Devalvasiya hamının mənafeyinə toxunur. Həm bankların, həm sahibkarların, həm də sadə vətəndaşların”.

O, bildirib ki, hamını indi "manatı nə gözləyir?” sualı düşündürür: "Etiraf edim ki, bu sualı cavablandırmaq çox çətindir. Hətta hökumətin daxilində bununla bağlı qeyri-müəyyənlik mövcuddur. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Naziriyi arasında həmişəki fikir ayrılığı qalmaqdadır.

Yayın əvvəlində sentyabra qədər kəskin məzənnə dəyişikliyinin olmayacağını qeyd etmişdim. Kəskin məzənnə dəyişikliyi baş vermədi. Doğrundan da yüksək tələbata rəğmən manat dollara münasibətdə dəyərini iyunda 3.3 faiz, iyulda 3 faiz itirdi. Yəqin ki avqust ayında da ucuzlaşma həmin səviyyədə olacaq.
 
Halbuki mayda manat 1,1 faiz bahalaşa bilmişdi. Bu 3 ay ərzində yumşaq devalvasiyanın şahidi olduq. Manat bu müddətdə dəyərini 9 faiz itirdi. Iyun ayından başlayaraq valyuta hərraclarında tələb təklifi 10-12 dəfə üstələməsi manatın məzənəsində təsirini göstərdi. Hətta neftin bahalaşması manatı xilas edə bimədi. Tələbatın yüksək olmasının səbəbləri çoxdur: idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və s. Qısası banklarda dollar qıtlığı var. Bankdan kənar dollarlar ya ölü kapital kimi yatır, ya da kapital şəklində ölkəni tərk edir”.

Ekspert bildirir ki, sentyabrdan başlayaraq yeni şərait yaranır. Ancaq təəssüf ki, manatın sabitliyi təmin edəcək şərait yoxdur. Hətta Mərkəzi Bank valyuta hərracına 600 milyon dollar çıxarıb bankların tələbatını tam ödəsə belə, zəmanət yoxdur ki, növbəti hərracda yeni tələbat yaranmayacaq: "Səbəb sadədir. Ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axını mövcuddur. Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Ölkəyə valyuta gətirən kanallardan ancaq biri ? Neft Fondu işləyir. Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və hələki azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb.92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək. Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Fond 2016-cı ildə 3,2 milyardlıq dollar satıb və hələki onun üçün nəzərə tutulan normadan artıq dollar satmaq niyyətində deyil. Mərkəzi Bank təxminən 800 milyonluq dollar satıb və ehtiyatlarının 4 milyarddan aşağı düşməsinə imkan verməyəcək”.

S. Əliyevin sözlərinə görə, qeyri-neft ixracına da bel bağlamaq olmaz. Ilin 7 ayında xarici ticarət dövriyyəsində 167 mln 466 min dollarlıq mənfi saldo yaranıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracında 30 faiz azalma var. Belə vəziyyətdə tədiyyə balansında da mənfi saldonun olması şübhəsizdir: "Neftin qiyməti isə 45-50 dollarlıq həddə qərarlaşıb və ciddi bahalaşma gözlənilmir. FED isə bu il 3 iclas keçirəcək və getdikcə ehtimalın azalmasına rəğmən, bir dəfə uçot dərəcəsini artırmaq güman olunur. Deməli, manata qüvvət verəcək daxili və xarici amillər hələki baş vermir. Ona görə də proqnozlar əsasən manatın necə və hansı həddə qədər ucuzlaşa biləcəyi üzərində qurula bilər. manatın bahalaşması üçün şərait yoxdur.

Bayaq qeyd etdiyimiz kimi, hazırda hökumətin daxilində manatın məzənnəsinə münasibətdə fikir ayrılığı mövcuddur. Bir tərəf yumşaq, digər tərəfsə kəskin devalvasiyaya maraqlıdır. Hələki birincilər prosesi nəzarətdə saxlayır. Ona görə də gözlənilməz hal (neftin kəskin ucuzlaşması, siyasi gərginlik, maliyyə panikası) olmazsa, ilin sonuna doğru manat dollara münasibətdə rəsmi məzənnəsi tədricən ucuzlaşacaq və ən azı 1.80 səviyyəsinə düşəcək. Əgər əvvəlki devalvasiyada olduğu kimi ikincilər təşəbbüsü ələ alsalar (büdcə icrasında problemlər səbəbindən), onda manat ucuzlaşması daha kəskin ola bilər. Hər bir halda yumşaq devalvasiya siyasəti davam etdirilməlidir. Çünki kəskin devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb”.

Devalvasiya yolu ilə büdcə öhdəliyini icra etmək istəyirlər

İqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, MB-nin manatın dəyərdən salınması istiqamətində fəaliyyəti son zamanlar daha da aktivləşib. Nemət Əliyevin sözlərinə görə, bu təkcə manatın dəyərdən salınması demək deyil, bu həm də milli valyutada olan bütün əmlakın, depozitlərin də dəyərdən salınması anlamına gəlməlidir: "Mərkəzi Bankın son fəaliyyəti manatın 13-14 faiz həcmdə dəyərdən salınmasına gətirib çıxarıb. Bankların dollar manat nisbətini nəzərə alanda bu göstərici meydana gəlir. Bütün bunlar iki ay ərzində baş verənlərdir. Əsas ümid qeyri-neft sektorunun ixracının stimullaşdırılmasına yönəlmişdi. Amma yeddi aylıq göstəricilərə görə, qeyri-neft sektorundan ixrac olunan malların həcmində təxminən 28 faiz azalma var. Bu 2015-ci ilin gösətricsindən 2 dəfə çoxdur. Əgər 2015-ci ildə qeyri-neft sektorunun ixracında 9-10 faiz azalma var idisə, bu ilin yeddi ayında bu göstərici 28 faizə yaxınlaşıb”.

Nemət Əliyevin sözlərinə görə, atılan addımlar daha çox imitasiya xarakterli olduğundan  bir nəticə vermir. 2015-ci il fevralında baş vermiş oxşar situasiya zamanı manatın 38 faizlik devalvasiyasına qərar verildi. Bu günləri də ən primitiv üsullardan istifadə edərək, dövriyyəyə daha çox manat cəlb etməyi düşünürlər: "Böyük ehtimal ilə növbəti dəfə manatın kəskin devalvasiyasına gediləcək. Çünki Neft Fondunun, Maliyyə Nazirliyinin büdcə gəlirlərinin formalaşmasında məqsədləri milli valyutanı dəyərdən salmağa söykənib. Beynəlxalq Bankın sabiq rəhbərinin açıqlaması var. Həmin açıqlamada vurğulanır ki, manatın iki devalvasiyasının baiskarı Samir Şərifovdur. Bu şəxsin əsas niyyəti məhz bundan ibarətdir. Ona görə qarşıdakı aylarda manatla bağlı gözləntiləri real sayıram. 2015-ci ildə əvvəlcə 34, daha sonra 48 faiz devalvasiya etdilər. Hazırda növbəti devalvasiya hökumət üçün çıxış yolu sayılır”./fins.az/

MediaFax