Növbə Abutalıbova çatdı: 4 milyonluq rüşvət qalmaqalı - MTN işi

Politika.Az-ın xəbərinə görə, yağış fəlakətində görünməyən şəhər meri solaxay bir zərbə alıb. 

Məlum olub ki, "Real” MTK layihənin təsdiqlənməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə 3,7 milyon dollar verilib. Bu, kooperativin rəhbəri olmuş İlham Qasımovun cinayət işində öz əksini tapıb.

İlham Qasımovun adı MTN generallarının cinayət işində zərərçəkmiş kimi keçir. Bu statusla Akif Çovdarovun məhkəməsinə də çağrılıb. Amma özü də dələduzluq, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanaraq, həbs olunub. 

O, inşa etdirdiyi binalarda eyni mənzilin bir neçə nəfərə satılması ilə yanaşı, həm də tikinti biznesində şərik olduğu, Rusiyada yaşayan azərbaycanlı milyonçu Gülağa Tənhanın 19 milyon 500 min dollarını mənimsəməkdə ittiham olunur.

BŞİH-yə milyonlarla rüşvət verilməsi ittihamı İlham Qasımovun bacısı oğlu Sahib Cahangirlinin istintaqdakı ifadəsində yer alıb. Sahib Cahangirli "Real" MTK-nın direktoru olub. Məlum olub ki, o puldan 4 milyona yaxını BŞİH-yə verilib.

Politika.Az-ın məlumatına görə, Abutalıbova 4 milyonluq rüşvət ittihamı onun sonunu gətirə bilər. BŞİH rəhbərinin işdən azad ediləcəyi istisna edilmir. 

Onsuz da Bakı icra hakimi uğrunda mübarizə gedir. Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov bu posta ən iddialı namizəddir. Abutalıbovun adının MTN və general Çovdarov işində hallanması artıq onun vəzifəsindən kənarlaşdırılmasına əsas ola bilər.

Bakı merinin daha əvvəl də adı Eldar Mahmudovun vəhhabi əməliyyatlarına hallanıb. Mer olu İsrafil Abutalıbovun vəhabiləri himayə etməsi haqda iddialar səslənir. Merin oğluna ölkəni tərk etməyə imkan yaradılıb. 

O, Türkiyəyə üz tutub, bu gün də İstanbulda yaşamaqda və zaman-zaman Bakıya gələrək bizneslərinə və həmtəriqətçilərinə baş çəkir. 

*H.Abutalıbovun mövqeyini də dərc etməyə hazırıq.

MediaFax