Nobel mükafatı alan prezident çətinə düşüb

Bu il sülh üzrə Nobel mükafatı Kolumbiyanın prezidenti Xuan Manuel Santosa verilib.
 
Ölkə lideri bu prestijli mükafata Kolumbiyanın dünyada FARC adı ilə tanınan, terroçu sol radikal "Kolumbiyanın inqilabçı silahlı gücləri” adlı təşkilatla imzaladığı sülh anlaşmasına görə layiq görülüb. 

Həmin anlaşmanın Kolumbiya hökuməti ilə FARC arasında 50 ildən çox davam edən qanlı, silahlı münaqişəyə son verməsi gözlənilirdi.

Lakin indi sazişin qüvvəyə minmədən pozulması təhlükəsi yaranıb.

Belə ki, kolumbiyalılar uzun illər boyu davam edən müharibənin sülh yolu ilə bitməsini istəməyərək, referendumda sazişi rədd ediblər.

Maraqlıdır ki, Nobel komitəsinin bəyanatında mükafatın "ağır zamanlara və baş verən fəlakətlərə rəğmən sülhün təsbit edilməsinə ümidini itirməyən Kolumbiya xalqına olan böyük hörmət” olaraq qiymətləndirilməli olduğu qeyd edilib.

Lakin görünür, Kolumbiya xalqı Stokholmda oturanlar kimi fikirləşmir. Onlar FARC-ın ölkənin başına açdığı müsibətləri unuda bilmirlər.

Kolumbiya və FARC arasındakı savaş tarixin ən qanlı və uzun mücadilələrindən biri kimi qəbul edilir. Müharibə 220 min kolumbiyalının həyatına son qoyub, 6 milyon insan isə zorakılıq, qarət və talandan canlarını qurtarmaq üçün yaşadıqları bölgələri tərk edib.

Bütün bunlara son qoymaqdan ötrü Kolumbiya prezidenti Xuan Manuel Santos FARC və onun lideri Rodriqo Londonyo Eççeveri (bu adam həm də sovet marşalının şərəfinə Timoşenko deyə çağırılır) ilə sentyabrda Kubanın paytaxtı Havana şəhərində saziş lmzaladı.
Sazişə görə, FARC silahlı mücadiləyə son verib leqal siyasi fəaliyyətə keçməli idi.

Lakin sənədin taleyi hazırda qaranlıqdır. Saziş imzalandıqdan sonra Kolumbiyada rəsmi Boqotanın (Kolumbiyanın paytaxtı-red.) bu anlaşmanı ratifikasiya etməsinə səlahiyyət verəcək referendum keçirildi. Referendumda Kolumbiyanın13 milyon vətəndaşı iştirak etdi.
Səsverməyə gələnlərin 50,24%-i isə sazişin imzalanmasının əleyhinə çıxdı.

Siyasi müşahidəçilərin rəyinə əsasən sazişin rədd edilməsinin əsas səbəbi Xuan Manuel Santosla Kolumbiyanın keçmiş prezidneti Alvaro Uribe arasında olan münaqişədir. Sonuncu uzun illər boyu FARC-la mübarizə apardığına görə bu sazişi Kolumbiyadakı müharibə qurbanlarına olan hörmətsizlik kimi qiymətləndirib. İndi saziş rədd olunduğuna görə Kolumbiya hökumətinə hərbi əməliyyatlara başlamaqdan başqa çarə qalmır. Lakin bütün bunlara rəğmən sülh danışıqlarınn kəsilməyəcəyin və sazişin qüvvədə qalacağını bəyan edib.

Qeyd edək ki, Santosdan başqa Nobel mükafatına qaçqınlarla bağlı problemlərlə məşğul olan rusiyalı hüquq müdafiəçisi Svetlana Qannuşkina, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı və internet azadlığı uğrunda mübariz Edvard Snouden, habelə Konqoda zorakılığa məruz qalmış insanlara yardım kampaniyası aparan Denis Makveqe iddia edirdi. 

Sülh ilə bağlı Nobel mükafatı 1901-cu ildən bəri təqdim edilir. Bu mükafatın verilməsinin əsas meyarı sülh naminə ictimai və siyasi fəaliyyətin göstərilməsidir. Mükafatın ilk lauretları isveçrəli Jan Anri Dünan və fransız Frederik Passidir. Lauretlər arasında Martin Lüter Kinq, Lex Valensa, Andrey Saxarov, Mixail Qorbaçov, Barak Obama kimi məşhurların adını çəkmək olar./musavat.com/

MediaFax