Neftçilərə mobil telefon qadağan edilib

Azərbaycanda hərbi-strateji məkanlarda, hətta Milli Məclisdə mobil telefonlardan istifadə qadağan edilir.
 
Bu qadağa xüsusilə ağıllı telefonlara şamil olunur. Bir müddət əvvəl isə neftçilərə belə bir qadağa qoyulub. 

Məsələ ilə bağlı danışan Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, artıq neftçilərin telefon problemi demək olar ki, çözülüb:

"Neftçilərə mobil telefon qadağası ilə bağlı  xəbəri aldıqdan sonra buna etiraz etdim. Bununla bağlı müvafiq müraciətlərimi də lazımı şəxslərə ünvanladım. Məndə olan məlumata görə, platformaların hamısında stasionar telefonlar qoyulub. Həmin telefonlar vasitəsi ilə mobil telefonları, rayonları da yığmaq mümkündür. Yəni bu baxımdan demək olar ki, neftçilərin telefon problemi həll olunub. 

”İyulda "Azneft” İstehsalat Birliyinin rəhbəri Daşqın İsgəndərov yazılı sərəncam verib ki, təhlükəsizlik, yanğından mühafizə məqsədilə dəniz platformalarına telefon aparılması qadağandır. Bununla əlaqədar mən SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlova məktub göndərdim. Eyni zamanda "Azneft” İstehsalat Birliyinin rəhbərliyi ilə də tədbirlərin birində görüşdüm və fikrimi bildirdim.  İş zamanı mobil telefon qadağası ilə razıyam. Ancaq platformaya gedən insanlar 15 gün ailələrindən təcrid olunurlar. Onların telefon götürməsi anlayışla qarşılanmalıdır. Eyni zamanda hələ ki, "28 may” NQÇİ-ə telefon buraxırlar. Platformalara isə mobil telefonlar buraxılmır. İş yerində mobil telefon işlədilməsi çox təhlükəlidir. Bu xarici şirkətlərdə də belədir və icazə verilmir. Bizim təklifimiz ondan ibarət idi ki, platformada məişət binası var. Həmin binalar yanğına və digər bu kimi hadisələrə  də dözümlüdür. Biz təklif etmişdik ki, orada işçilərin mobil telefon işlətmələrinə icazə versinlər. Cavab verdilər ki, biz işçiləri sahəyə gedəndə yoxlamırıq. Onlar da qaydanı pozub telefon götürürlər. Yəni mənim dediyim etirazları onlar bu cür yerinə yetirdilər ki, işçiləri stasionar telefonla təmin etdilər"./musavat.com/

MediaFax