Nazirlikdən idmançımızla bağlı qalmaqala Reaksiya

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən yunan-Roma güləşçisi Vitali Rəhimovla bağlı yaranmış qalmaqala aydınlıq gətirib.
 
Nazir müavini saytımıza açıqlamasında deyib ki, Vitali Rəhimov heç bir formada medalı geri qaytarmaqdan imtina edə bilməz:
 
"Bu mümkün deyil. Çünki qərar qəbul edilirsə , hansı yolla olursa-olsun medal geri qaytarılır. Əgər o ad və medal geri alınırsa, başqa çıxış yolu yoxdur. Vitali Rəhimov bu gün idmançı kimi məşq etmir. O yalnız məşqçi işləyə bilər”.
 
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi V. Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.
 
Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

V.Rəhimov isə qazandığı Olimpiya medalını geri vermək niyyətində olmadığını bildirib./modern.az/

MediaFax