Nazir məmurlara cəza tələb etdi

Vergilər Nazirliyində prezidentin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə həsr edilmiş kollegiya iclası keçirilib. 

İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov deyib ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aidiyyəti strukturlarının qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizəsi qənaətbəxş səviyyədə deyil, operativ nəzarət strukturları isə bir sıra hallarda kiçik sahibkarlıq subyektləri barəsində aktlar tərtib etməklə işləri bitmiş hesab edirlər.
 
 

Nazir qanunsuz sahibkarlıq, iri məbləğlərdə vergilərdən yayınma halları ilə mübarizə işində nöqsanlara yol vermiş vergi xidməti əməkdaşları barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi də daxil olmaqla ciddi cəza tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Daxili Təhlükəsizlik Baş İdarəsinə və nazirliyin aparatına icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması üçün təcili tədbirlər görülməsi tapşırılıb.

Kollegiyanın qərarı ilə Vergilər Nazirliyində bəzi struktur və kadr dəyişiklikləri aparılıb, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb./novator.az/

MediaFax