Azərbaycanda silah zavodu partladı: yaralılar xəstəxanalara daşınır - YENİLƏNİB

15:56
 
Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. 

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi. 

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı./musavat.com/
 
----------
16:31
 
Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib.
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib.
 
Onlardan 2-si artıq hadisə yerinə çatıb.
 
APA-nın verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alan 10-a yaxın şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

MediaFax