“Keçmiş nazir ölkədən gedir” - MTN işi

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədən getməyə hazırlaşır 

Bu barədə saytımızın əldə etdiyi məlumatda iddia olunur ki, eks-nazir Azərbaycanı tərk etməyi planlaşdırır. 

Keçmiş nazir Çexiya yaxud Ukraynaya köçməyi nəzərdə tutur. Hazırda bağ evində yaşayan Ə.Abbasov MTN işi ilə bağlı istintaqın yekunun gözləyir. Bakıdakı mülklərini kütləvi şəkildə satışa çıxardığı xəbəri yayılan sabiq nazirin məqsədi də məhz kapitalını xaricə köçürməkdir. İstintaq müddəti başa çatmadığı üçün Ə.Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb. 

Onun istintaqa ifadə verməsi və MTN naziri Eldar Mahmudovla əlaqələri barədə dindirilməsindən sonra Azərbaycandan çıxışı mümkün deyil. Mənbə iddia edir ki, yalnız məhkəmədən sonra Ə.Abbasov sərbəst ola bilər. 

Eks rabitə nazirinin MTN-dəki çete ilə əlaqələrinin olması, aparat rəhbəri Vidadi Zeynalovun, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun həbsdə olması kifayət edir ki keçmiş nazir nəzarətdə saxlansın. 

Qeyd edək ki, Abbasovun metronun "Gənclik” stansiyası yaxınlığındakı – "Zivella” mağazasının arxasındakı 12 sot ərazisi olan torpaq sahəsini tələm-tələsik satdığı xəbəri yayılıb. Həmin mülk Əli Abbasovun oğlu Eldar Abbasovun adına olub və dəyərindən xeyli ucuz, 1,5 milyon manata satıb. Maraqlıdır ki, "MTN işi” üzrə istintaqın ilk günlərində Əli Abbasovun da bir sıra mülklərinə həbs qoyulmuşdu. 

Məlumatlarda bildirilir ki, Eldar Mahmudov və şəbəkəsi ifşa olunduqdan ölkə başçısı və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi rabitə xətti bağlanıb. Məlumat üçün deyək ki, bu rabitə xətti məmurlar arasında "4 nömrə” adı ilə məşhurdur.

Ölkə başçısı məhz bu xüsusi rabitə xətti ilə məmurlarla əlaqə saxlayır. Həmçinin yüksək vəzifəli məmurlar da bir-birlərilə bu "4 nömrə” ilə əlaqə saxlayırlar. Məlumatlarda deyilir ki, sözügedən rabitə xətti Eldar Mahmudov və dəstəsinin nəzarətində olub. 

Beləliklə, keçmiş MTN şefi yüksək vəzifəli məmurları, o cümlədən ölkə başçısını dinləyib. Məlumatlara görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin həyata keçirilməsi də bununla bağlıdır./politika.az/

MediaFax