Mirşahin əsəbiləşdi: "Nə Fətullah, nə Mətulla bizi maraqlandırmır!" - Video

Sentyabrın 21-də Ali Məhkəmə "ANS Müstəqil Yayım və Media" Şirkətinin ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətini təmin etməyib.
 
Məhkəmədən sonra şirkətin baş direktoru Mirşahin Ağayev jurnalistlərin suallarını cavablandırıb:
 
– Növbəti addımınız nə olacaq?

– Bir daha təkrar edirəm, Azərbaycan qanunvericiliyinin yol verdiyi bütün üsullardan istifadə edəcəyik.
 
– Siz Azərbaycan hökumətinə müraciət etdiniz, amma bir çox ekspertlər yazır ki, ANS-in bağlanması Türkiyə hökuməti ilə bağlıdır. Türkiyə hökumətinə sözünüz nədir?

– Türkiyədə bu yaxınlarda Erdoğan hökumətinə yaxın mətbu orqanda çap olunmuş bir cümləni misal çəkmək istəyirəm. O cümlə də belədir: "Türkiyədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ANS-in FETÖ ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur". Bu, Türkiyədə gedən araşdırmanın başlanğıcıdır. Araşdırmalar davam edəcək. Elə ona görə də məhkəmədə vəsatət qaldırıb prosesin təxirə salınmasını istədik. Çünki Türkiyədə gedən araşdırmalar elə hallar üzə çıxara bilər ki, Azərbaycanda gedən bu məhkəmə prosesi çətin vəziyyətə düşə bilər.
 
'Türkiyədə bu yaxınlarda Ərdoğan hökumətinə yaxın mətbu orqanda çap olunmuş bir cümləni misal çəkmək istəyirəm. O cümlə də belədir: "Türkiyədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ANS-in FETÖ ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur"'
Bu baxımdan, Türkiyədə gedən araşdırmaların ANS ətrafında yaranmış bu vəziyyətin anlaşılmasına kömək edəcəyinə inanıram. Çünki bizim tarix qarşısında ikinci borcumuz üzərimizdən bu qondarma yarlığı götürməkdir. Nə Fətulla, nə Mətulla, nə İtulla bizi maraqlandırmır. Biz Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına xidmət etmişik. 25 il həyatımız bununla keçib və üzü buna da gedir. Cəfəng iddialarla bizi hansısa mollaların, hansısa təriqətlərin, sekta xarakterli qurumların yedəyinə, quyruğuna bağlamaq yaraşmaz.
 
– Avropa Məhkəməsinə müraciət edəcəksinizmi?

– Mən artıq 3-cü dəfədir eyni şeyi təkrarlamağa məcburam. Avropa məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciətdə bulunacağıq. Bu gün bizim üçün əsas məsələ ANS-in haqlı, ədalətli olmasını sübut etməkdir. Biz Azərbaycan xalqının, Azərbaycan dövlətinin adına layiq olmuşuq. ANS Azərbaycan xalqının, Azərbaycan dövlətinin, tarixin şanlı səhifəsidir. Bunu Çingiz Aytmatovdan tutmuş, Vaqif Səmədoğluna qədər hamı deyib. ANS-in bu gün polislər tərəfindən möhürlənmiş dəhlizlərində də şəkillərin altında bu ifadələr yazılıb. Şanlı səhifəyə terror və bu kimi qara-qura əskilər, parçalar yapışdırmaq olmaz. Biz Azərbaycan dövlətinin ləyaqətli tərkib hissəsiyik. İlk növbədə Azərbaycan dövləti onun marağında olmalıdı ki, öz ləyaqətli parçasını haqsız hədələrdən, iftiralardan qorusun. "Avropa məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciətdə bulunacağıq".


MediaFax