Minlərlə bank işçisinin ixtisarı gözlənilir

Ekspertlər yeni işsizlər ordusunun yaranmağa başladığını vurğulayırlar

Ölkənin bank sektorunda ciddi ixtisarlar gözlənilir. Ekspertlər minlərlə vətəndaşın işsiz qalacağından narahatdırlar. Bəzi rəqəmlərə görə, ilin sonunadək işini itirən bank işçilərinin sayı on min nəfərə çata bilər. 

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı saytmıza açıqlamasında bildirib ki, ixtisarlar getdikcə daha böyük həcmdə olacaq və daha geniş sahələri əhatə edəcək. Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, yalnız fəaliyyətinə xitam verilən bankların işçiləri işsiz qalmırlar, həm də fəaliyyətdə olan bankların filialları bağlandıqca, işsizlərin sayı artır: "Banklar əksər filiallarını bağlayıb. Bu proses davam edəcək”. 

Ə.Həsənovun sözlərinə görə, bank sistemində ixtisarlar get-gedə artacaq: "Özü də bu, yalnız bankların bağlanması ilə bağlı deyil. Halbuki bu da aktualdır. Bağlanan bankların işçiləri işsiz qalıblar. Amma bundan sonra da bir neçə bankın bağlanması gözlənilir. Amma hətta fəaliyyətdə olan, bağlanmayacaq banklar da ən azı filiallarını bağlayırlar. Bu da iqtisadi ektivliyin azalması ilə əlaqədardır. Buna görə də bankların artıq bu qədər işçiyə ehtiyacı yoxdur. Hətta bank filialları bağlanırsa, deməli, işçilər kütləvi şəkildə işlərini itirir. Banklarda şişirdilmiş ştatlar var, kiminsə dostudur, qohumudur, tanışıdır, yığıb doldurublar banklara. Buna görə də banklar işçilərinin sayını indi çətinliyə düşdükcə azaldırlar. Belə şəraitdə əsasən ixtisar olunacaq şəxslər ya savadsız şəxslər olacaq, ya da arxası olmayan şəxslər işdən çıxarılacaqlar”. 

Qeyd edək ki, bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirmişdi ki, işini itirmiş 2700 bank işçisi işsizlik müavinəti almaq üçün müraciət edib. 

Ekspert Azər Mehtiyev "Exo”ya açıqlamasında bildirib ki, bank sektorunda işsizlərin sayı əhəmiyyətli dərəcədə arta bilər: "Çünki Azərbaycanda ”bankların batması" prosesi hələ başa çatmayıb". Onun sözlərinə görə, yaxın zamanlarda maliyyə müəssisələrində yenə azalmalar ola bilər, belə ki, fəaliyyət göstərən banklarda ştatların ixtisarı davam edəcək: "Hazırda bank strukturlarının və əməkdaş sayının optimallaşdırılması prosesi gedir. Neftin qiyməti yüksək olan zamanlarda verilən əsassız yüksək faizli kredit hesabına maliyyə müəssisələrinin qazancları çox idi. Ona görə də əməkdaşların sayını artırmaqla işlərini genişləndirməyi özlərinə rəva bilərdilər. Amma elə ki, manat devalvasiyaya uğradı və banklar vaxtı keşmiş kreditlərlə üz-üzə qaldılar, bank əməkdaşlarının kütləvi ixtisarı başladı”. Ümumilikdə ölkədə işdən azad edilən bank əməkdaşlarının sayının 10 minə çatacağı proqnozlaşdırılır./musavat.com/

MediaFax