Millimizin baş məşqçisinə Şok ittiham

Azərbaycan yığmasının baş məşqçisi, cüdo üzrə ikiqat olimpiya çempionu, Peter Zayzenbaxer pedofiliyada ittiham edilir. Lent.az "Associated Press"ə istinadən xəbər verir ki, 56 yaşlı Zayzenbaxerin iki azyaşlı qıza seksual xarakterli hərəkətlər etdiyi iddia olunur.

Məlumata görə, həmin qızlarından birinin polisə müraciətindən sonra bu barədə istintaq başlayıb. İstintaq müəyyən edib ki, avstriyalı baş məşqçi Vyananın idman klublarından birində çalışarkən bir neçə uşağı seksual zorakılığa məruz qoyub.

Qeyd edək ki, idmançı karyerasında 86 kq çəki dərəcəsində çıxış edən Zayzanbaher Los-Anceles-1984 və Seul-1988-də qızıl medala yiyələnib. Cüdo tarixinə ilk ikiqat Olimpiya çempionu olan mütəxəssis 2010-2012-ci illərdə Gürcüstan millisinin baş məşqçisi olub. 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edən Peter 2015-ci ildə yenidən bu posta qayıdıb. Vyana prokurorluğunun məlumatına görə, zərərçəkən qızlardan biri Zayzenbaxerin ona qarşı 3 il ərzində seksual hərəkətlər etdiyini bildirib.


Məsələylə bağlı Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğluyla əlaqə saxladıq. "Peter Zayzenbaher biri azyaşlı olmaqla 4 qıza qarşı cinsi zorakılıqda ittiham olunduğunu təsdiq edir. Bununla bağlı cinayət işi açılıb və o, istintaqa ifadə verib. Zayzenbaher ifadəsində də ona qarşı irəli sürülən ittihamı rədd edib və deyir ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək".

E.Əşrəfoğlu federasiyanın avstriyalı baş məşqçini sırf cüdo mütəxəssisi olduğu üçün bu posta təyin etdiyini və onunla Rio olimpiadasının sonunadək şərti anlaşdıqlarını da deyib: "Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik". 

MediaFax